Rusiyalı politoloq: “Rusiya heç bir halda Azərbaycana təzyiq etməməlidir”
07 dekabr 2013 14:34 (UTC +04:00)

Rusiyalı politoloq: “Rusiya heç bir halda Azərbaycana təzyiq etməməlidir”

“Ermənistan Rusiyanın forpostudur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “RİA Novosti” beynəlxalq informasiya agentliyində keçirilən Moskva-İrəvan videokörpüsündə Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun MDB ölkələri Strateji İnkişaf Mərkəzinin direktoru Aleksandr Qusev deyib. O bildirib ki, Rusiya Ermənistana öz forpostu kimi baxır: “Ermənistan sakit yaşaya bilər. Ən azından 2044-cü ilə qədər”. Digər siyasi ekspert, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazı öyrənən Mərkəzinin eksperti Andrey Areşev də politoloq Aleksandr Qusevin fikrini inkişaf etdirərək 2044-cü ilə qədər Ermənistanın təhlükəsizliyinin təmin olunduğunu söyləyib: “Çünki 2044-cü ildə Rusiya qoşunlarının Ermənistanda dislokasiya müddəti başa çatır”.

 

Ermənistan politoloqları isə Rusiya prezidentinin İrəvana səfərindən sonra Moskvadan siyasi və iqtisadi yardım gözlədiklərini bildiriblər. Erməni ekspert Aram Safaryanın sözlərinə görə, Putinin Gümrüyə səfəri, imzalanmış müqavilələr, Rusiyanın Ermənistana satdığı qazın qiyməti kimi faktları rəsmi İrəvan üçün siyasi uğur adlandırmaq olar: “Ancaq bizim gözləntilərimiz daha çoxdur. Gömrük İttifaqından böyük gözləntilərimiz var. İstəyirik ki, Gömrük İttifaqına daxil olduqdan sonra Rusiya ilə Ermənistan arasında Abxaziya və Gürcüstandan keçən dəmir yolu bərpa edilsin. Bunun davamı kimi İranla Ermənistan arasında dəmir yolu çəkməklə biz Gömrük İttifaqı ilə dünya arasında yeni körpü salmış oluruq. Və ən əsası, bununla Ermənistan nəqliyyat qovşağına çevrilir”.

 

“Rusiya Azərbaycana münasibətdə təhrik siyasəti yeritmir. Heç bir sanksiya, hədə müşahidə etmirik. Hətta deyim ki, Azərbaycanla bağlı Rusiyada aktiv və passiv müzakirələr belə yoxdur. Azərbaycanın mövqeyi açıq-aydındır. Azərbaycan öz milli maraqlarına uyğun siyasət aparır, özünü həm Avropada görür, həm MDB də. Amma Azərbaycanın fonunda Ermənistan özünü Rusiyanın ən etibarlı hərbi-siyasi müttəfiqi kimi aparır. Rusiya-Ermənistan dostluğunun daha çox vurğulanması da bunun nəticəsidir”. Bu fikirləri isə Rusiya-Azərbaycan münasibətlərinə həsr olunan Moskva-Bakı telekörpüsündə çıxış edən Xəzər Əməkdaşlıq İnstitutunun direktoru, politoloq Sergey Mixeyev deyib. O qeyd edib ki, Rusiya Azərbaycana yaxın perspektivdə Gömrük İttifaqına namizəd kimi baxmır: “Əgər Azərbaycanın Gömrük İttifaqına qoşulması məsələsindən danışsaq, onu demək olar ki, rəsmi Bakıya bu təşkilata ancaq qoşulmaq təklif edilib. Sanksiya şəklində heç bir təzyiq, hədə və buna oxşar şeylər edilməyib. Rusiya daxil olmaqla, Gömrük İttifaqının heç bir ölkəsi bu metoddan istifadə etmir. Azərbaycanın Gömrük İttifaqına daxil olub-olmamasına Moskvada aktual məsələ kimi baxılmır. Azərbaycanın Vilnüs samitində verdiyi qərar ən ağıllı və optimal qərar idi. Bir çox ölkə Azərbaycandan nümunə götürə bilər. Rəsmi Bakının iqtisadi oriyentasiya siyasəti məlumdur. Hər şeydən əvvəl başa düşmək lazımdır ki, xarici siyasətdə Avropa oriyentasiyası və Avropa ilə ticarət yumşaq desək, eyni şey deyil. Ümumiyyətlə, Azərbaycanla Avropa Birliyinin münasibətləri olduqca balanslaşdırılıb. İstərdim ki, bu balanslı siyasət bundan sonra da davam etsin. Ona görə ki, Qərb hər yerdə məsələni siyasiləşdirməyə çalışır. Fikrimcə, Avropa tərəfindən Azərbaycana həm xarici, həm də daxili siyasətdə təzyiqlər var. Əgər Azərbaycan bu balanslaşdırılmış siyasəti bundan sonra da davam etdirsə, bu, hər iki tərəfin xeyrinə olacaq”.

 

Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk isə deyib ki, Rusiya-Azərbaycan münasibətlərini əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsi çərçivədə saxlayır: “Qarabağ bizim müzakirələrimizdə birinci sıradadır. Rusiyaya hamıdan çox vahid Azərbaycan lazımdır. Rusiya Ukraynada baş verənlərdən özü üçün nəticə çıxarmalıdır, heç bir halda Azərbaycana təzyiq etməməlidir və hətta özünü Azərbaycanın Gömrük İttifaqına qoşulmasında maraqlı göstərməməlidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084
avatar

Oxşar yazılar