Rəsul Quliyev: “İsa Qəmbər 1993-cü ildən pensiyadadır” - <span style="color:red;">MÜSAHİBƏ
23 sentyabr 2014 19:26 (UTC +04:00)

Rəsul Quliyev: “İsa Qəmbər 1993-cü ildən pensiyadadır” - MÜSAHİBƏ

Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq lideri Rəsul Quliyevin Lent.az-a müsahibəsi

 

- Öncə Müsavat Partiyasının gözlənilən qurultayı ilə bağlı fikirlərinizi bilmək istərdik. Müsavat Partiyasının nəhayət, sentyabrın 27-də qurultayının keçiriləcəyi xəbərini necə qarşıladınız?

 

- Qeyri-adi hadisə baş verməyəcək. Müsavat Partiyası Azərbaycanda mövcud olan müxalif partiyaların hər biri kimi çox zəif vəziyyətdə olan bir partiyadadır. Amma indiyə qədər, 20 il müddətində nə planlarını, nə proqramlarını müəyyənləşdirdilər, heç bir strategiyaları yoxdur.  Nə istədiklərinə gəlincə, istədikləri odur ki, 2015-ci il parlament seçkilərində onlara 3-5 yer versinlər, vəssalam. Başqa bir məqsədləri yoxdur.

 

Müsavat Partiyasının başqanlığına namizəd verənlərə gəlincə, onların içərisində azdan-çoxdan həyatdan real anlayışı olan Qubad İbadoğludur. Yəni iqtisadiyyatdan kifayət qədər başı çıxır, özü də praqmatik, sakit bir adamdır, emosional deyil. Qubad İbadoğlu başqan seçsələr, Müsavat Partiyasının dağılma prosesi bir qədər zəifləyə bilər. İsa Qəmbər lider qalsın deyənlər, digər namizədlərdən hər hansı biri seçilsə, Müsavat Partiyası dağılmağa doğru gedəcək, bu prosesin qarşısını heç nə ala bilməz. Ümumiyyətlə, hələ də inanmaq olmaz ki, Müsavat Partiyası sentyabrın 27-də qurultay keçirəcək, bu, hələ də böyük şübhə altındadır. Bu iş baş tutana qədər onlara inanmaq mümkün deyil. Müsavat Partiyasının qurultayı qeyri-adi hadisə deyil, ancaq neçə illərdir ki, bu qurultaydan söhbət açırlar, bu dəfə qurultaylarını keçirsələr, yaxşı olar. 

 

- Qurultay baş tutsa, İsa Qəmbərin siyasi gələcəyini necə görürsünüz?

 

- İsa Qəmbər indiyə qədər elə bir iş görmürdü. İndiyə qədər adı Müsavat Partiyasının başqanı idi, heç bir işlə məşğul deyildi, bundan sonra adı Müsavat Partiyasının başqanı olmayacaq, yenə də heç bir işlə məşğul olmayacaq. Yəni İsa Qəmbər 1993-cü ildən pensiyadadır, onu davam etdirəcək. Hesab etmirəm ki, İsa Qəmbərin işləmək arzusu var. Həm də arzudan başqa, gərək özünü işləməyə də məcbur edəsən. Mən görürəm ki, İsa Qəmbər faydalı işlə məşğul olmayacaq. İsa Qəmbər oturub kitab yaza bilər, amma kitab yazmaq üçün kifayət qədər əziyyət çəkəsən. Gərək  ingilis dili və başqa dillərdə olan real materiallardan istifadə etməyi bacarasan. Mən fikirləşmirəm ki, İsa Qəmbər belə əziyyətlə yaşamağa öyrənib.

 

- Yeri gəlmişkən, bu yaxınlarda Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov da ABŞ-da oldu. Rüstəm İbrahimbəyovla görüşdünüzmü?  -

 

- Bu yaxınlarda 30 il olacaq ki, Rüstəm İbrahimbəyovla bir-birimizi tanıyırıq. Biz sadəcə, dost olmuşuq. Rüstəm İbrahimbəyov yaradıcı bir şəxs, mən də yaradıcılığa obyektiv qiymət verən şəxs kimi dost olmuşuq. İndi də bu münasibətlər davam edir. Bu gün də fikirlərimizin çoxu üst-üstə düşmür, o da bir şəxsiyyət, mən də bir şəxsiyyətəm, sözsüz ki, fikirlərin üst-üstə düşməsi, razılaşmaq elə asan olmur. Amma dostluğumuz davam edir. Rüstəm İbrahimbəyov ABŞ-da olanda da biz sözsüz ki, görüşdük, söhbət etdik. Tək siyasətdən yox, həm Rüstəm İbrahimbəyovun gələcək yaradıcılıq planlarından, həm də mənim planlarım barədə xeyli geniş söhbət etdik. Rüstəm İbrahimbəyov yenə ABŞ-a gələcək, o, tez-tez ABŞ-a gəlir.

 

- Bəs indii Milli Şura ilə bağlı düşüncələriniz necədir?

 

- Milli Şura hələ 2013-cü il avqustun 21-də öldü. İndiki sadəcə, Milli Şura adı altında demoqogiyadır, başqa bir şey yoxdur.

 

- Rüstəm İbrahimbəyovun artıq Milli Şurada fəaliyyətini dayandırdığı barədə xəbərlər də yayılır. Rüstəm İbrahimbəyovla görüşmüsünüz, bu xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?

 

- Rüstəm İbrahimbəyov siyasətə siz deyən səviyyədə yaxınlaşmamışdı. Hətta Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyi olan zaman bu,  müvəqqəti, bir illik prezident təşəbbüsü idi. Yəni Rüstəm İbrahimbəyovun onsuz da siyasətlə məşğul olmaq fikri yox idi. Demək ki, Rüstəm İbrahimbəyov siyasətçidir, siyasətə gəlib, indi siyasətdən uzaqlaşır, bu, düzgün deyil. 2 il əvvəl Rüstəm İbrahimbəyov siyasətdən hansı məsafədə idisə, mənim fikrimcə, indi də elə həmin məsafədədir.

  

- Qarşıdan parlament seçkiləri gəlir. Müxalifətin şansı qalırmı?

 

- Hökumətdən başqa parlamentdə olmağa heç kəsin şansı yoxdur. Hökumət istədiyi adamları müxalifət adı ilə parlamentdə də daxil edə bilər. Mən hökumətin yerində olsam, yüz faiz 2015-ci ildə demokratik addımlar atmağa başlayaram. Çünki bu dəqiqə hökumət üçün ən əlverişli şərait yaranıb. Dünyanın heç yerində hökumətlərə münasibət yaxşı olmur, amma söhbət ondan gedir ki, bu gün Azərbaycanda müxalifətə münasibət çox aşağı səviyyədədir. Bu gün hökumətin imkanı var ki, müxalifətin belə bədbəxt, iflic olunmuş vəziyyətində parlament seçkilərini keçirsin və yenə də hökumətin öz adamları parlamentə seçilsinlər. Ola bilər ki, belə şans 2020-ci ildə olmayacaq. Ona görə də mən hökumətin yerində olsam, 2015-ci ildən demokratiyaya bir plastarm kimi istifadə edərəm. Bu, həm hökumətin beynəlxalq aləmdə nüfuzunu kifayət qədər yüksəldər, həm də Dağlıq Qarabağ probleminin həllini kifayət qədər yaxınlaşdırar.

 

# 2918
avatar

Oxşar yazılar