Bir qrup tanınmış yazar 28 May-Respublika Gününü Kürlə Arazın birləşdiyi yerdə- Suqovuşanda qeyd edirlər.
Bu tədbirdə 24 ildir ki iştirak edən “lent.az” portalının baş direktoru Qabil Abbasoğlu deyib ki, Respubklika Gününü Suqovuşanda qeyd etmək ənənəsi 1991-ci ildə Azərbaycan Demokratik Tələbə Gənclər Hərəkatı ilə Türk Oğuz Yeniyetmə və Gənclər Təşkilatına birgə təşəbbüsü ilə başlayıb. Həmin vaxtdan etibarən ölkənin bir neçə rayonundan, Bakı daxil, tələbə-gənclər təşkilatlarının nümayəndələrindən ibarət 100-ə yaxın şəxs Sabirabad və Saatlı rayonlarının ortasında Novruzlu kəndində Kürlə Araz birləşdiyi yerdə (Suqovuşanda) birləşib, 28 Mayı qeyd ediblər: “ Bu, Azərbaycanın bötüvlüyünün rəmzi kimi düşünülüb. Başqa bir tarixi fakt da var. Nadir şah Əfşar Azərbaycan torpaqlarının mümkün qədər çox hissəsini birləşdirmək qərarını orda verib”.
Mərasimi qeyd eləmələri barədə danışan Q. Abbasoğlu deyib: “Axşam çatdıq, bayrağımızı sancıb, tonqal qaladıq. Səhərə qədər ictimai, milli məsələlər barədə söhbətlər edəcəyik. Azərbaycan bayrağı haqqında qərar 91-ci ildə hələ qəbul olunmamışdı, amma bayraq ora aparılmışdı. 92-ci ildən başlayaraq artıq bayraq təntənəli şəkildə sancılır. 24 ildi bu ənənə davam edir. Günəş tam çıxandan sonra Kür və Arazın suyunda əllərimizi yuyub, bayrağın ətrafına yığışıb, himnimizi oxuyacağıq”.