ABŞ-a qondarma səfər...
15 mart 2018 11:53 (UTC +04:00)

ABŞ-a qondarma səfər...

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi Qərbin uzun illərdir həyata keçirdiyi ikili standartlar modelinin açıq şəkildə təsdiqidir. Qeyd edək ki, bu səfər Bako Saakyanın ilk səfəri deyil. Qondarma rejimin “seçilmiş” başçısı əvvəllər də ABŞ-a, Böyük Britaniyaya, Fransaya səfərləri ilə gündəmə gəlmişdir. ABŞ dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinin tərəfdarıdır. Amma beynəlxalq hüquq normaları Azərbaycan torpaqlarının erməni işğalı altında qalması demək deyildir. Qondarma prezidentin səfəri isə  ABŞ-n rəsmi mövqeyi ilə fəaliyyətinin üst-üstə düşmədiyini göstərir. Bununla əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Notada vurğulanır ki, Amerika dövləti ona bu səfərdə özünün qondarma rejimini təbliğ etmək və Azərbaycan Respublikası ərazisinin işğalına kömək hədəfilə Amerika ərazisində maliyyə yardımları toplamaq üçün lisenziya veribdir. Amerika dövlətinin bu addımı beynəlxalq hüquq normaları ilə təzad təşkil edərək, BMT Təhlükəsizlik Şurası qətnamələrinin, Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasındakı ikitərəfli sənədlərin və Amerikanın rəsmi mövqeyinin əleyhinədir. Amerikanın addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı bir addım hesab olunur. Notada həmçinin qeyd olunubdur ki, Azərbaycan Respublikası ABŞ qarşısındakı bütün prinsipləri və beynəlxalq öhdəlikləri yerinə yetirir və buna görə, Amerika ərazilərində də Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı təxribatçılıq hərəkətlərinin qarşısı alınmalıdır. Amerikanın bu hərəkəti, ABŞ-ın özünün, üzvlərindən biri olduğu vasitəçi qrupun sülh danışıqları prosesinə xələl gətirir və bölgədə gərginliyin artmasına bais olaraq, regionda təhlükəsizliyin pozulmasına bir cəhd hesab edilir. 

Bu gün Azərbaycan və Ermənistan müqayisə edilməyəcək səviyyəyə çatmışdır. Azərbaycan çoxşaxəli və məqsədyönlü strateji inkişaf konsepsiyası ilə dünya birliyinin layiqli üzvü olmuş, regional lider statusunu qazanmışdır. Beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru olan Respublikamız istər ölkədaxili, istərsə də xarici strategiyası ilə bir sıra yeniliklərə imza atmış, sabitlik, tolerantlıq mərkəzinə çevrilmişdir. Bu gün Azərbaycanın real, hər cür lazımi hərbi vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş  ordusu vardır. Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsindən də artıqdır. Ermənistan hökuməti yalnızca müharibə imitasasiyası edəcək gücə malikdir. Ordunun real vəziyyəti isə heç də döyüş əhvalında deyil.  Faktiki olaraq ermənistan bu gün regionda Azərbaycanın imzası ilə reallaşan çoxşaxəli, böyük infrastruktur layihələrdən təcrid olunmuşdur. Hətta erməni politoloq Sarqis Artsruni də ölkəsinin xarici siyasətində məntiq olmamasını etiraf edib. O, 13 mart tarixində “Первый армянский информационный” saytında dərc edilmiş “Bakı və Tbilisi əməkdaşlığı kimə qarşı dərinləşdirir?” sərlövhəli analitik məqaləsində vurğulayır ki, Azərbaycanın əsas məqsədi Ermənistanı qlobal regional layihələrdən kənarlaşdırmaqdır. “Azərbaycan ardıcıl olaraq Ermənistanın təcrid edilməsi siyasətini həyata keçirir”, - deyən müəllif qeyd edir ki, bu məqsədlə ikitərəfli və çoxtərəfli imkanlardan istifadə olunur. Əslində Ermənistanı təcrid edən Azərbaycan deyil, Ermənistanın şovinst hökümətinin özüdür. Azərbaycan rəsmi səviyyədə dəfələrlə bəyan edib ki, Ermənistan işğal altında saxladığı əraziləri azad etməyincə bu ölkə bütün regional layihələrdən kənarda qalacaqdır. Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək yeni formatda dördtərəfli görüş də Ermənistanı qıcıqlandıran amillər sırasındadır. Bu baxımdan hökumət öz uğursuzluqlarını hansısa bir saxta tədbirin, konfransın arxasında gizlətməyə çalışır. Qondarma Dağlıq Qarabağ rejiminin ABŞ “tədbirləri” də şovinistlərin xalqın gözünü pərdələməsindən başqa bir şey deyildir. Bütün bunlar  quru şüarlarla xalqı aldatma manevridir. Reallıq isə budur ki, aclıq və səfalətlə mübarizə aparan Ermənistanın yarıtmaz hökuməti nəinki Dağlıq Qarabağı, heç Ermənistanı da təmin etmək iqtidarında deyildir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağ rejimini de-fakto tanımır. Məlumatda deyilir ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək. Ümumilikdə isə erməni lobbisinin güclü olduğu ABŞ, Ermənistanı öz qəyyumluğuna alan Rusiya və  Ermənistanı “bacısı” elan edən Fransadan ibarət Minsk qrupunun obyektiv bir mövqe sərgiləməsi də bir qədər şübhəlidir. Müxtəlif sülh yollarının irəli sürülməsinə baxmayaraq vəziyyət yenə də sabitdir. Azərbaycan baş verən hadisələrdə öz prinsipial mövqeyini ortaya qoyaraq göstərir ki, biz güclüyük, eyni zamanda  humanist  siyasət tərəfdarıyıq.  Amma beynəlxalq hüquq tətbiq olunmazsa, öz torpaqlarımızı azad edəcəyik.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316
avatar

Oxşar yazılar