Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı və Estoniyanın "EIektron Hökumət Akademiyası" təşkilatının təşkilatçılığı ilə Riqada Azərbaycan, Latviya və Estoniyanın elektron hökumət sahəsində qazandığı uğurlara dair iki günlük seminar işinə başlayıb. Şuradan Lent.az-a verilən məlumata görə, tədbir Şuranın maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan və Estoniya: elektron hökumət sahəsində iki qabaqcıl ölkə" adlı layihə çərçivəsində təşkil olunub. Seminarda hər üç ölkənin elektron hökumət və informasiya texnologiyaları sahələri üzrə ekspertləri, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edir.
Toplantını giriş sözü ilə açan Şura Katibliyinin beynəlxalq əlaqələr departamentinin məsləhətçisi İlqar Dadaşov Şuranın fəaliyyəti və xarici ölkə QHT-ləri üçün qrant müsabiqəsi haqqında ətraflı məlumat verib.
İ. Dadaşov Şuranın Azərbaycanın son illər ərzində elektron hökumət sahəsində qazandığı uğurların Avropa ictimaiyyətinə təqdim edilməsi və digər ölkələrin təcrübələrinin öyrənilməsi məqsədilə "Elektron Hökumət Akademiyası" təşkilatının layihəsini dəstəklədiyini bildirib. Şuranın məsləhətçisi seminarın hər üç ölkənin elektron hökumət sahəsində gələcək inkişafına töhfəsini verəcəyinə inandığını deyib.
“Elektron Hökumət Akademiyası”nın təsisçisi İvar Tallo və Latviya İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyasının nümayəndəsi Mara Yakobsone Estoniya və Latviyada elektron hökumət sahəsində əldə olunan təcrübədən danışıblar. Dəfələrlə ölkəmizdə səfərdə olduğunu qeyd edən cənab Tallo ASAN Xidmət Mərkəzlərinin unikallığı ilə seçildiyini və onların fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.