Qənirə Paşayeva: “Bunu yaşamışıq….”
20 dekabr 2012 17:57 (UTC +04:00)

Qənirə Paşayeva: “Bunu yaşamışıq….”

0

“Danışmaqdan daha çox dünyada bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var”

 

“Dövlət səviyyəsində başqa millətlərə və dinlərə qarşı dözümsüzlük, nifrət  ağır faciələrə, soyqırımlara səbəb olur, Ermənistanın torpaqlarımızı işğalı zamanı bunu yaşamışıq”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın genişləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxışı zamanı millət vəkili Qənirə Paşayeva söyləyib.

 

Qənirə Paşayeva deyib ki, xalq  və dövlət olaraq dünyanın harasında və kimlərə qarşı törədilməsindən asılı olmayaraq, hər kəsi bu cür hallara qarşı sərt mübarizəyə səsləyirik. Onun sözlərinə görə, Avropa məkanında və ümumiyyətlə, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur. Bunun səbəbləri ciddi təhlil edilməli və onlara qarşı sərt mübarizə aparılmalıdır. Bəzi Avropa ölkələrində bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu prosesi dünyanın müxtəlif bölgələrində də görmək olar. Avropada və dünyada tolerantlığın, dözümlülüyün getdikcə azalması hamını, xüsusilə də gəncləri ciddi narahat etməlidir: “Bizim atalarımız  İkinci Dünya Müharibəsinin nələrə səbəb olduğunu çox yaxşı bilir. Biz tarixdən dərs almalıyıq. Amma təəssüf ki, dünyada  bəzi ölkələr və siyasətçilər hələ də bundan dərs çıxarmayıb və irqçi, başqa millətlərə, mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti yürüdürlər. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan bunun nə demək olduğunu yaxşı bilir. Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danışmaqdan daha çox dünyada bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var.  Dialoq dözümlülükdən deyil, fərli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. Avropada bəzi güclərin, siyasətçilərin irqçi düşüncələr altında siyasət yürütməyə başlaması Avropanın gələcəyi üçün mənfi nəticələr doğura bilər”. 

 

Qənirə Paşayeva bildirib ki, Məhəmməd Peyğəmbəri təhqir edən filmin çəkilərək nümayiş edilməsi, ifadə azadlığı adı altında peyğəmbərimizin karikaturalarının çəkilməsi, “Quran”ın yandırılması kimi hadisələr 1,5 milyarda yaxın  müsəlmanların ülvi hisslərinə bir hörmətsizlikdir. Millət vəkili vurğulayıb ki, hansı dinin mənsubu olmasından asılı olmayaraq hər kəs insanlığın və dünyanın gələcəyi naminə bu kimi hallara qarşı öz etirazını bildirməlidir: “Həmin hadisədən sonra nə baş verdiyini xatırlayaq. Bir radikallıq başqa bir radikallığa səbəb oldu. Müxtəlif dinlərə və etnik qruplara məxsus insanların biri-birinə sadəcə dözümlü yanaşması, tolerantlıq göstərməsi kifayət deyil, dünyanın gələcəyi üçün biz onların biri-birinə hörmət etməsi üçün çalışmalıyıq. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq öyrətməliyik. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurmanı, çatışmanı və ağır fəsadları doğurur. Azərbaycan xalqının bu bəlalardan əziyyət çəkmiş bir xalqdır. Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandakı öz ev-eşiyindən qovub və bu gün orada bir azərbaycanlı belə yaşamır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox  insanı qətlə yetirib, 1 milyon insanı öz yurdlarından didərgin saldı, dinc azərbaycanlılara qarşı Xocalıda soyqırımını törədib: “Biz bu cür hadisələrdən nəticə çıxarmalı, dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı sərt mübarizə aparmalıyıq”.

 

Millət vəkili Azərbaycanın müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olduğunu, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verdiyini söyləyib: “Bugünkü bu tədbirin məhz Bakıda keçirilməsi də bunun bir örnəyidir və Azərbaycan tez-tez bu cür tədbirlərə ev sahibliyi edir.  Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər arasında çox gözəl münasibətlər var. Təbii ki, bu da insanlarımızın, dövlətimizin, millətimizin gələcəyi baxımdan çox önəmlidir. Digər tərəfdən, sosial media da mədəniyyətlərarası dialoqun  genişlənməsində böyük rol oynaya bilər. Qloballaşan dünyada  sosial  media  böyük  bir gücdür. Onun yaxşı istifadə olunması toplumun inkişafına, pis istifadə olunması isə kütləvi qırğın silahı kimi topluma dəhşətli mənfi təsir göstərə bilər. Ona görə də gənclər sosial mediadan necə yararlana bilmələri üçün davamlı şəkildə bilgiləndirilməli, təhsillərini artırmalıdırlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 716

Oxşar yazılar