Prezident İlham Əliyev Qətər dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib.
Lent.az-ın məlumatına görə, nazir ölkəmizdə mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirib. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparıldığını deyib. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin bu məsələləri müzakirə etməyə yaxşı fürsət yaratdığını vurğulayıb.
Prezident İlham Əliyev ölkəmizdə regional nəqliyyat infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini deyib. Azərbaycanla Qətər Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirən prezident İlham Əliyev bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini qeyd edib.