Prezident Lənkərana gedib - YENİLƏNİB
11 aprel 2015 16:03 (UTC +04:00)

Prezident Lənkərana gedib - YENİLƏNİB

 

Prezident İlham Əliyev aprelin 11-də Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkə başçısına məlumat verilib ki, 1982-ci ildə istifadəyə verilən mərkəz uzun müddət Lənkəran şəhər 2 nömrəli Mədəniyyət Evi adı ilə fəaliyyət göstərib. O vaxtdan keçən dövr ərzində burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradılıb. Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir işlərinə 2014-cü ilin aprelində başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Bölgələrdə mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni mədəni infrastrukurun yaradılması regionlarda bu sahənin hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.

Burada ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Lənkərana səfərlərindən və ölkədə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Üç mərtəbəli bina ən yüksək səviyyədə, müasir üslubda təmir edilib. 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait var. Bu, ümumilikdə rayonun incəsənət və mədəniyyət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul, həm də geniş imkanlar yaradır.

Diqqətə çatdırılıb ki, Lənkəranda tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq, Mərkəzdə rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Buradakı rəqs zalı, ingilis dili, kompüter kursu və digər dərnəklər gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, burada etnoqrafiya sərgisi də yaradılıb. Bu sərgi Lənkəranın qədim tarixi haqqında geniş məlumatlar əldə etməyə imkan verəcək. Son illər ölkəmizdə mədəniyyətin inkişafına göstərilən yüksək diqqət özünü mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlarin qayğı ilə əhatə olunmasında, həmçinin ölkəmizin beynəlxalq səviyyəli mədəni tədbirlərə ev sahibliyi etməsində daha çox büruzə verir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr xüsusi önəm kəsb edir. Bölgələrdə müasir mədəniyyət ocaqlarının yaradılması bu sahənin regionlarda da hərtərəfli inkişafına töhfələr verir. Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzi də bu baxımdan əhəmiyyətlidir.

Prezident İlham Əliyev Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

 

Prezident İlham Əliyev həmçinin Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında da iştirak edib. Dövlət başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, uşaq bağçasının inşasına 2013-cü ilin dekabrında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Ərazisi 0,7 hektar olan bağça 3 binadan ibarətdir. Burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 110 uşaq 11 qrupda təlim-tərbiyə alacaq. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcək. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı tikilib və transformator yarımstansiyası quraşdırılıb.

 

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.

 

 

***

 

15:11

 

Aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərini başa çatdıraraq Lənkəran şəhərinə gəlib.
 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoydu.
 

Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə Parkında aparılan abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, burada sakinlər və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

 

Sonra prezident Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində aparılan yenidənqurma və bərpa işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, hazırda Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mirəhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Binanı xarici və yerli ustalar inşa ediblər. Tikinti materialları isə Bakıdan gəmi ilə daşınıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və ağ daş materiallarına üstünlük verilib. Üçmərtəbəli bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu quraşdırılmaqla elektrik enerjisi ilə təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Uzun illər təmir edilmədən fəaliyyət göstərən muzey binası tədricən aşınıb, dam örtüyü sıradan çıxıb, mərtəbələrarası örtüklər, döşəmələr, qapılar, pəncərələr keyfiyyətini itirərək yararsız vəziyyətə düşüb.



Tarixi binanın əsaslı təmirinə 2013-cü ilin sentyabrından başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən inşaat işləri yüksək səviyyədə aparılıb və bu ilin aprel ayında başa çatdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar