Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycanla Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib.
A. Jilkin Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin artmasından, iqtisadi əməkdaşlığın dinamik şəkildə inkişaf etməsindən məmnunluğunu bildirib. Azərbaycanın Həştərxan vilayətində həyata keçirdiyi humanitar layihələrə görə minnətdarlığını ifadə edən qubernator Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə vilayətdə mühüm ekoloji layihənin həyata keçirilməsinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.