“Çox şadam ki, bu gün Bakıda III Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Bu, yaxşı göstərici və ənənədir. Biz üçüncü dəfədir ki, bu qlobalForumu təşkil edirik. Bu, mədəniyyətlərarası dialoq məsələlərinin müzakirə olunmasının artan əhəmiyyətini nümayiş etdirir”.
APA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı yüzdən artıq dövlət nümayəndələrinin Bakıda olduğunu bildirib: “Bu isə bir daha belə müzakirələrin vacibliyini təsdiqləyir. Əminəm ki, mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün Forumun keçirildiyi günlərdə dəyərli fikirlər səslənəcək. Azərbaycan bu sahədə öz səylərini hər zaman göstərir və xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışır".
Prezident qeyd edib ki, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir: “Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşayıblar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənib. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik”.
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər: “Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi”.
Azərbaycan prezidenti vurğulayıb ki, multikulturalizmin alternativi yoxdur: “Bildiyimə görə, Forumun mövzularından biri məhz ictimai xadimlər və siyasətçilərin məsuliyyətinə həsr edilib. Biz bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Bəzən dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq və o zaman siyasətçilərin və vəziyyətə təsir edə bilən insanların məsuliyyəti artır. Düşünürəm ki, bu səbəbdən multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməliyik. Bilirəm ki, bununla bağlı müxtəlif fikirlər və bəzən də pessimist ideyalar var. Lakin multikulturalizmin müsbət nümunələri də var və Azərbaycan onlardan biridir. Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bu səbəbdən artıq dünyada multikulturalizm məzkəzlərindən biri olaraq tanınan Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meyilləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.
Prezident İ.Əliyev qeyd edib ki, ölkəyə, xalqa, dinə olan hörmət digərlərinin ənənələrinə və dəyərlərinə hörmətdən başlayır: “Yalnız bu yolla uğura nail olmaq mümkündür. Təəssüflər olsun ki, bu gün biz daha çox bu haqda danışmalı oluruq. Çünki biz bu gün dünyanın müxtəlif yerlərində etnik, dini, məzhəb zəminində ayrı-seçkiliyi görürük. Bu da faciəvi bir haldır. Biz bunu öz qonşuluğumuzda görürük. Biz, həmçinin neofaşizm hərəkatı kimi təhlükəli meyillərin şahidi oluruq. Beynəlxalq ictimaiyyət, onun liderləri bu məsələyə çox ciddi şəkildə yanaşmalıdırlar. Çünki biz bu döyüşdə qalib gəlməliyik və bunu yalnız birgə səylərimizlə edə bilərik. Bu səbəbdən bu gün burada təşkil etdiyimiz Mədəniyyətlərarası Forum kimi tədbirlər çox əhəmiyyətlidir".