APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbuldakı nitqində deyib.
Dövlət başçısı qeyd edib ki, hətta neftin qiymətinin aşağı düşməsi Azərbaycana o qədər də böyük problem yaratmayıb: “Hər halda, bütün sosial proqramlar, nəzərdə tutulmuş bütün infrastruktur layihələri icra edilir. Əlbəttə ki, biz öz xərclərimizə yenidən baxmalı olduq. Ancaq hesab edirəm ki, burada müsbət məqamlar da çoxdur. Biz gələcəkdə öz maliyyə resurslarımızdan daha da qənaətlə istifadə edəcəyik, ölkəmizin və real sektorun inkişafı üçün daha çox diqqət göstərəcəyik, əsas vəsaiti bu istiqamətə yönəldəcəyik. Təbii ki, sosial proqramlar və sosial məsələlər, o cümlədən sosial infrastrukturun yaradılması da diqqət mərkəzində olacaqdır”.
Prezident bildirib ki, Azərbaycanda daxili sabitlik qorunur, bütün azadlıqlar təmin edilir: “ Gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da sürətlə gedəcək. Hüquqi dövlət quruculuğu prosesi də uğurla gedir. Bütün azadlıqlar bundan sonra da təmin ediləcək. Mətbuat azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə təmin edilir və biz gələcəkdə də bu yolla gedəcəyik. Azərbaycanda dinlərarası münasibətlər ən müsbət şəkildə tənzimlənir. Bu da bizim çox böyük sərvətimizdir və ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir. Bundan sonra da Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimizdir və bizim üçün güc mənbəyidir”.
Dövlət başçısı qeyd edib ki, cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımlar atılır: “ Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, lazım gəldikdə cəza tədbirləri həyata keçirilir. Ən əsası odur ki, bu sahədə sistem xarakterli islahatlar, institusional islahatlar mühüm rol oynayır. Biz bu sahədə “ASAN xidmət”in fəaliyyətini qeyd etməliyik. Bu yaxınlarda “ASAN xidmət” BMT tərəfindən yüksək mükafatla təltif edilib. Qısa müddətdə, iki il ərzində 4 milyondan çox insan bu xidmətin imkanlarından faydalanıb. Biz bu şəffaflıq prinsiplərini bütün sistemimizə - dövlət quruculuğu sisteminə, maliyyə sisteminə tətbiq etməliyik və bu müsbət təcrübəni yaymalıyıq. Konkret tapşırıqlar verilib və əlavə tədbirlərin görülməsi üçün indi iş gedir. Təhlükəsizliklə bağlı tədbirlər indi bütün ölkələri düşündürür. Biz bu işlərlə ciddi məşğuluq və məhz buna görə Azərbaycanda kriminogen durum çox müsbətdir. Biz adambaşına düşən cinayətlərin sayının azlığına görə dünyada ən yaxşı yerlərdən birini tuturuq”.
Prezident xatırladıb ki, Azərbaycanda siyasi tədbirlər, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələr, forumlar, mədəniyyətlərarası forumlar keçirilir: “Bu yaxınlarda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Qlobal Bakı Forumu keçirilib. Azərbaycanda Beynəlxalq Humanitar Forum keçirilir. Bu tədbirlər, eyni zamanda, idman tədbirləri, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər beynəlxalq idman yarışları Azərbaycanı dünyaya inkişaf edən, müasir, güclü dövlət kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana qoyulan investisiyaların həcmində də, turistlərin artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir. Biz gələcəkdə də Azərbaycanda müxtəlif qlobal tədbirlərin keçirilməsini təmin edəcəyik. Bu gün Bakı, Azərbaycan regionun iqtisadi, siyasi və mədəni mərkəzlərindən biridir”.