Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Odessa Vilayət Dövlət Administrasiyasının başçısı təyin olunması haqqında fərman imzalayıb.
“Mixail Saakaşvili Odessa Vilayət Dövlət Administrasiyasının başçısı təyin olunsun”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə fərmanın mətnində deyilir.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko bu gün Odessada Mixail Saakaşvilini ictimaiyyətə vilayətinin yeni başçısı kimi təqdim edib: “Mən Odessada və vilayətdə yaxşı yollar görmək istərdim – bu bizim əsas prioritetlərimizdən biri olacaq. Mən istərdim ki, insanlar bir ildən sonra artıq yaşayış səviyyəsinin yaxşılaşdığını deyə bilsinlər. Mən Odessa Vilayət Dövlət Administrasiyasının yeni başçısına məhz bu tapşırıqları verirəm. Odessa Vilayət Dövlət Administrasiyasının yeni başçısı Ukraynanın dostu Mixail Saakaşvilidir”, deyə Poroşenko bildirib.
Poroşenko həmçinin Saakaşvilinin Ukrayna vətəndaşlığına qəbul olunması haqqında da fərman imzalayıb.
“Kiyevdə yaşayan Gürcüstan əsilli 1967-ci il təvəllüdlü Mixail Saakaşvili Ukrayna vətəndaşlığına qəbul edilsin”, deyə fərmanda bildirilir.