“Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə yardım etmək Rusiyanın əsas xarici siyasət prioritetlərinə daxildir. Qonşu regionda baş verənlərə laqeyd deyilik. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi bu sahədə fəal çalışırıq”.
APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov “İnterfaks”a müsahibəsində bildirib.
Rusiyalı həmsədr bildirib ki, Rusiya, həmsədrlik fəaliyyəti ilə paralel olaraq, Ermənistan və Azərbaycanla yaxın münasibətlərin mövcudluğu ilə əlaqədar müstəqil səylər də göstərir və əsas məsələlər üzrə tərəflərlə səmimi fikir mübadiləsi aparır.
“Bilirsiz ki, məhz Rusiya Ermənistan və Azərbaycan Baş Qərargah rəislərini Moskvaya dəvət edərək aprelin əvvəlində baş vermiş genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasında əhəmiyyətli rol oynayıb. Lakin, bizim vasitəçiliyimizin əsas mövzusu münaqişənin davamlı həllinə nail olmaq üçün tərəflərə yardım etməkdir”.
İ. Popov həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya ilə münaqişənin həlli istiqamətində fəal iş aparılır. “Həmsədrlər almaniyalı təmsilçilərlə sıx təmasları davam etdirirlər”, - deyə İ.Popov diqqətə çatdırıb.