Parlamentin növbədənkənar sessiyası başa çatdı
02 iyul 2013 13:25 (UTC +04:00)

Parlamentin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisdə “Sahibkalıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə edilib.

Lent.az-ın verdiyi məlumata görə, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sənəd sahibkarlığın fəaliyyətinə mane olan bir sıra qanunsuz yoxlamaların aradan qaldırılması və bu yoxlamalar zamanı sui-istifadə hallarının qarşısının alınmasına yönəlib.

Ziyad Səmədzadənin fikrində, bu sənəd sahikarlığın effektiv fəaliyyətinə müsbət təsir göstərəcək: “Birinci oxunuşda və komitələrdə müzakirələr zamanı yoxlamaların tətbiq dairəsi ilə bağlı müddəanın dəyişməsinə dair təkliflər verilib və bu müddəa deputatların ciddi narazılığına səbəb olub. Lakin qanunun təşəbbüskarları ilə müzakirədə bu təklif qəbul edilməyib və qanun layihəsində dəyişiklik edilməyib”.

Millət vəkili Fazil Mustafa qanunun yaxşı niyyətlə hazırlanmasına baxmayaraq, real vəziyyəti dəyişdirməyəcəyini söyləyib. Onun sözlərinə görə, sahibkarlar yenə də rayonlarda təmir-bərpa işlərinə vəsait xərcləməyə cəlb olunacaqlar: “Mülkiyyət toxunulmazlığı hansı səviyyədədir? Kimsə icazəsiz saibkarlıqla məşğul ola bilərmi? Azərbaycanda inhisarçılıq aradan qaldırılmalıdır. Bir neçə sahədə inhisarçılıq qala bilər, ancaq parçadan iynəyə, meyvəyə qədər bütün sahələrdə inhisarçılığın olması yolverilməzdir. Yoxsa biz məcburən belə qanunların qəbuluna çalışırıq”.

Millət vəkili Qənirə Paşayeva 95 illiyini qeyd etdiyimiz Milli Ordunun yaradılmasında böyük rol oynamış ilk müdafiə naziri Səməd bəy Mehmandarovdan danışıb: “Səməd Ağa Mehmandarov Çəmbərəkənd qəbirstanlığında basdırılıb, qəbri Həzi Aslanovun qəbrinin  yaxınlığında olub. Lakin sovet dövründə Kirovun abidəsi ilə bağlı oradan köçürülüb və sonradan da izi itirilib. Bakının işğadan azad edildiyi günə -sentyabrın 15-nə qədər Türk şəhidliyinin yaxınlığında Səməd bəy Mehmandarovun abidəsinin ucaldılması yaxşı olardı. Hazırda Əliağa Şıxlinskinin də Yasamal qəbirstanlığındakı məzarı baxımsızdır. Biz generallarımıza sahib çıxmalıyıq”.

Millət vəkili Zahid Oruc yoxlama adı gələndə sahibkarları titrəmə tutduğunu söyləyib: “Çünki yoxlamalar başqa məqsədlər daşıyır. Korrupsyiaya qarşı mübarizə tədbiri kimi bu qanunun qəbulu mühümdür”.
 

Zahid Oruc deyib ki, sonuncu hərbi parad əhalinin Silahlı Qüvvələrə inamını artırıb: “Bu, Silahlı Qüvvələrə ayrılan vəsaitin düzgün istiqamətdə xərcləndiyini göstərdi. Çox müasir silahlar alınıb. Əgər Azərbaycan Ermənistanı siyasi müttəfiqsiz qoysa, 10 günə Ermənistanı məğlub edə bilər. Bununla belə, ordu sistemində islahatlar davam etməlidir. Ordu xalqa məxsusdur”.

 

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, kənd təsərrüfatı və emal müəssisələri Azərbaycanın tələbatını ödəmir: “Biz satış mağazalarına diqqət yetirsək, görərik ki, satılan ərzaq məhsullarının əksəriyyəti xarici məhsullardır. Çünki əhalinin yerli məhsullara inamı yoxdur. Müzakirəyə çıxarılan qanunda qeyd olunur ki, yuxarı risk qrupuna daxil olan müəssisələrdə 6 ayda bir dəfə yoxlama aparılır. Ancaq yeyinti məhsullarının keyfiyyəti hər gün dəyişə bilər, bu, elektrik naqili deyil. Müvafiq qurumlara səlahiyyət verməliyik ki, istənilən vaxt belə müəssiəslərdə yoxlama keçirə bilsinlər. Məhüm prezident Elçibəy deyirdi ki, elə məsələlər var ki, zamanla həllini tapır. Biz belə məsələlərdə sahibkarların yox, əhalinin maraqlarını əsas götürməliyik. Qanun mütərəqqidir, ancaq yeyinti məhsulları ilə bağlı yoxlamalar məsələsinə yenidən baxılmalıdır”.

Spiker Oqtay Əsədov bildirib ki, Azərbaycanda yeyinti sənayesi sürətlə inkişaf edir: “Keyfiyyətsiz məhsul rəqabətə dözməyəcək. Digər tərəfdən, növbədənkənar yoxlamalar da keçirilə bilər”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Bu iclasın növbədənkənar sessiyanın sonuncu iclası olduğunu bildirən spiker Oqtay Əsədovun təklifi ilə qanun layihəsi üçüncü oxunuşda da səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da növbədənkənar sessiya başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859
avatar

Oxşar yazılar