Nizami Cəfərov Lent.az-a yazır: Yad qatın qorxusu
18 mart 2013 20:15 (UTC +04:00)

Nizami Cəfərov Lent.az-a yazır: Yad qatın qorxusu

Azərbaycan dilinin bugünkü vəziyyəti, dil proseslərinin mənzərəsi həm dilçi tədqiqatçıların, həm ümumən ziyalıların, həm də bütövlükdə cəmiyyətin diqqət mərkəzindədir. Dövlət miqyasında da Azərbaycan dilinin dövlət dili və bir millətin dili olaraq qorunması, inkişafı, təbliği və tədrisi ilə bağlı çox geniş miqyaslı siyasət yürüdülür. Bu məsələlərlə bağlı son illər xeyli böyük işlər görülüb, rəsmi dövlət sənədləri hazırlanıb və qəbul edilib. Elə məsələlər var ki, bilavasitə dillə bağlıdır, elə məsələlər də var ki, dilətrafı məsələlərdir. Bura şəxs adları, ədəbiyyatın, mədəniyyətin inkişafı ilə bağlı məsələlər daxildir. Bunların hamısında nəticə etibarı ilə dillə bağlı müəyyən müddəalar mövcuddur. Son ən böyük iş yeni şəraitdə, qloballaşan dünyada Azərbaycan dilinin inkişafı ilə bağlı dövlət Konsepsiyasının hazırlanmasıdır.

 

Dilimizin inkişaf Konsepsiyası

 

Bu Konsepsiya üzərində çox ciddi iş gedir. Azərbaycan Milli Elmlər Akademiyasında ayrıca bir komissiya yaradıldı və bu komissiya dərsliklərin dilindən başlamış reklam lövhələrinin dilinə qədər Azərbaycan dilinin bu günkü vəziyyətini, mənzərəsini təsəvvürə gətirməyə imkan verən müxtəlif məsələləri təhlil etdi. Ümumi nəticələr ondan ibarətdir ki, Azərbaycan dili bu gün kifayət qədər inkişaf edir, kifayət qədər beynəlxalq nüfuza malikdir. Amma bununla yanaşı, qloballaşan şərait bir sıra problemlər də ortaya çıxarıb. Xüsusən hər il Azərbaycan dilinə xeyli miqdarda sözlər daxil olur. Bu sözlərin müəyyən hissəsi Azərbaycan dilinin təbiətinə yaddır. Sözlərlə yanaşı müxtəlif qrammatik xüsusiyyətlər, müxtəlif intonasiya xüsusiyyətləri də dilimizə daxil olur ki, bunlar da dilimizin təbiətinə yad görünür. Nəzərə alsaq ki, dil daha çox KİV-lərdə – mətbuatda, televiziyada, radioda inkişaf edir, bu da dilə bir növ fövrülik gətirir. Yəni sözlər, ifadələr dilə çox sürətlə daxil olur. Bir var ki, bir elm adamı əsər yazır, hər sözün, hər ifadənin üzərində düşünə, seçə bilir. Yaxud yazıçı bir əsər yazır, orada nəzarət mexanizmi güclü olur. Bir də var ki, bir hadisə, bir əhvalat çox sürətlə baş verir, çox tezliklə də mətbuatda öz dil ifadəsini tapmalıdır. Belə hallarda da təsadüfilik çox olur. Yəni KİV-də buna nəzarət etmək kifayət qədər çətindir. Bunun üçün nələr tələb olunur?

 

Birinci növbədə peşəkarlıq tələb olunur. Mətbuat işçisi, mətbuat üçün yazan, televiziyada, radioda danışanlar, xüsusən aparıcılar o qədər peşəkar olmalı və dili o qədər mükəmməl bilməlidirlər ki, o, təbii, fitri olaraq işin gedişində buna nəzarət edə bilsin. Bunun üçün də xüsusi modellər işlənib hazırlanmalıdır. Məsələn, birdən “Eurovision” hadisəsi baş verir. Təbii ki, onun emblemi var, “Eurovision” şəklində yazılır, buna heç kim etiraz edə bilməz. Amma görürsən ki, dərhal həm şifahi dilimizdə, həm də yazılı dilimizdə müxtəlif variantlar əmələ gəlir. Həm “Eurovision”, həm “Avrovision”, həm “Avroviziya”, həm “Avrogörüntü” yazırıq. Bu, həmin modelin olmamasından irəli gəlir. Bu, yalnız bir sözə aid deyil. Bir sıra sözlər də var ki, o anlayış üzrə işlədəndə çoxvariantlılıq meydana çıxır. Əlbəttə, 1 ay dildə bu çoxvariantlılıq ola bilər. Ancaq daha sonra gərək dilin təbiətinə uyğun olaraq bu, nizamlansın, hər hansı variant ön plana keçsin və əsas variant olsun. Təsadüfi hallarda digər variantlara da müraciət etmək olar, amma bilinməlidir ki, bu dilin təfəkkürünün həzm etdiyi söz tutaq ki,  ya “Avroviziya”, ya “Avrogörüntü”dür. Dünya təcrübəsinə görə, bunun üçün iki yol mümkündür. Bir var ki, bunu təbii gedişin ixtiyarına buraxasan, bu, uzun çəkən bir prosesdir. Dilimizin tarixi göstərir ki, belə hallarda o sözlərdən hər hansı birini seçmək çox uzun müddət aparır, bəzən də o variantların hamısı qalır. Məsələn, biz eyni müvəffəqiyyətlə həm ərəb sözü olan “eynək”, həm fars sözü olan “çeşmək”, həm “gözlük” sözünü işlədirik, həm də bunlardan daha çox şifahi dilimizdə hamımız “oçki” deyirik.  

 

Terminologiya Komissiyasının missiyası

 

Belə faktlar da onu göstərir ki, dil təfəkkürümüzdə çoxvariantlılıq var və ona görə də bunu elmi-akademik tövsiyələrlə nizama salmağa daha çox ehtiyac yaranır. Bunun üçün da Nazirlər Kabineti yanında ayrıca Terminologiya Komissiyası yaradılıb. Biz işə başlayanda çox həvəslə, maraqla ilk iclasımızı keçirdik. Bu Komissiyanın sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, rəhmətlik Mahmud Kərimov idi. Mahmud Kərimovun vəfatından sonra hələ bir iclas keçirməmişik. Amma bununla yanaşı Komissiya sədrinin müavini, filologiya elmləri doktoru, həm də Akademiyanın Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Səyalı Sadıqova çalışır, bir sıra prinsiplər də işləyərək hazırlayıb. Bu prinsiplərdən biri də budur ki, respublikada çıxan hər hansı bir terminoloji lüğət Terminologiya Komissiyasında müzakirə edilmədən, Komissiyanın rəyi olmadan dərc olunursa, həmin lüğət normativ norma hesab edilə bilməz. Bu da çox mühüm məsələdir. Ona görə ki, terminləri qaydaya salmaq lazımdır. Həm də burada söhbət yalnız elmi terminlərdən getmir, dilə gələn sözlər Komissiyada nəzarətdə olmalıdır. Burada hansısa sözə qadağa qoymaqdan, işlədilməsini yasaq etməkdən söhbət getmir. İstənilən jurnalist sərbəstdir və məqbul bildiyi sözü işlədə bilər. Söhbət ondan gedir ki, bir elmi-akademik tövsiyə verilsin. Bu tövsiyə hansısa bir elm adamının, elmi cəmiyyətin subyektiv iddiası kimi ortaya çıxmır. Burada təhlil gedir və dilin təbiətinə uyğun variant əsaslandırılmış şəkildə təqdim olunur.

 

Biz bunun təcrübəsini Türkiyədə Türk Dil Qurumunda da görmüşük. Amma Türk Dil Qurumunun 1930-1950-ci illərdə  qazandığı böyük uğurlarla yanaşı, xeyli qüsurları olub. Biz Türk Dil Qurumunun tək uğurlarından yox, qüsurlarında da nəticə çıxarmalıyıq. Burada həddindən artıq volyuntarizmə, çox sərbəstliyə, tendensiyalılığa getmək olmaz. Yəni dildə olan ərəb, fars. Avropa mənşəli sözləri ucdantutma dilimizdən çıxarmaq da düzgün deyil. Amma bununla yanaşı həmişə dili yaşadan, inkişaf etdirən dilin daxili özünəməxsus milli söz potensialıdır. Niyə? Çünki milli söz potensialının törəmək imkanı güclüdür. Yəni bir sözdən onlarla söz törəyə bilir. Söz sözü yaradır, doğur. Amma alınma söz bir növ qısır qalır, alınma sözdən söz yaratmaq müəyyən qədər çətindir. Bir də Azərbaycan dilinin çox güclü şəkilçi ehtiyatı var. O şəkilçilərin hesabına Azərbaycan dilində söz yaradıcılığı prosesinin imkanları çox genişdir. Yüzlərlə şəkilçi var ki, o şəkilçilərlə sözlər yaranır. Yəni sözün o funksionallığı təmin olunur.  Bu baxımdan bizim imkanlarımız var ki, dilimizə yeni gələn sözlərin heç olmasa ildə bir dəfə  lüğəti, izahı verilsin.

 

Bir mühüm cəhət də var ki, yeni gələn sözlərin düzgün işlədilməməsi təhlükəsi də çox olur. Hansısa bir alınma söz bir jurnalist tərəfindən işlədilir, ancaq düzgün işlədilmir, düzgün dərk olunmur. Bu da nəticə etibarilə həmin sözün yayğınlaşmasına səbəb olur, müxtəlif mənalılığı ortaya çıxır. O sözü müxtəlif mənalarda işlətmək məsələsi ortaya çıxır və nəticə etibarı ilə anlayış düzgün ifadə olunmur, fikir çatmır. Dilin ən üstün cəhətlərindən biri odur ki, ifadə orijinal olsun, yeyilmiş ifadələr, yeyilmiş sözlər mənanı, məzmunu lazımi intellekt və lazımi emosionallıqda çatdıra bilmir. Yəni orijinallıq olmalıdır. Eyni zamanda modelləşmə, aydınlıq da olmalıdır. Yəni orijinallıqla yanaşı dəqiqlik, düzgünlük də olmalıdır ki, informasiya düzgün ifadə olunsun, düzgün verilsin. Bəzən görürsən ki, mətbuatda da, televiziya və radiolarda insan danışır, həddindən artıq döyülmüş şeyləri deyir. Xüsusən bizim televiziya aparıcılarımızın hazırlığı aşağı səviyyədə olduğu üçün 10-20 dəqiqə danışırlar, demək olar ki, heç nə demirlər, heç nə çatmır. Çünki deməyə sözü yoxdur. Aparıcı o verilişi aparmalı, təqdim etməlidir, amma bununla yanaşı görürsən ki, o, sadəcə, vaxtını keçirir. Beləliklə, lazımi informasiyanı verməli olan dil o informasiyanı vermir. Bu baxımdan da bizdə dilə həssaslıq, dil peşəkarlığı, nitq dəqiqliyi, aydınlığı və informativliyi aşağı səviyyədə olur.

 

Təfəkkür məsələsi

 

Burada həm də mürəkkəblikdən söz gedir. Mürəkkəblik odur ki, nitq həm həddindən artıq fərdi, həm də eyni zamanda həddindən artıq ictimaidir.  Heç kim heç vaxt xorla danışmır. Bir adam danışır və ünsiyyət danışığından asılıdır. Digər tərəfdən, nitq ictimaidir, sənin fərdi nitqin cəmiyyətə, hər bir təfəkkürə çatmalıdır. Bunun üçün də biz çox zaman bu məsələni izah etmək üçün “nitq mədəniyyəti” ifadəsindən istifadə edirik. Amma demək olar ki, çox hallarda hiss edirsən ki, nitq mədəniyyəti yox, bəlkə təfəkkür mədəniyyəti lazımdır. Yəni sənin üçün nə deyəcəyin, nə barədə danışacağın, nə yazacağın aydın olmalıdır. Bu, dilə çox kömək edir. Bir yerdə ki, elmi təfəkkür, publisistik təfəkkür, rəsmi təfəkkür, adi kütləvi təfəkkür, ictimai təfəkkür, adi məişət danışığı təfəkkürü inkişaf edir, o yerdə dil də inkişaf edir. O mühitlər yoxdursa, nə qədər lüğət hazırlayırsansa, hazırla, nə qədər dilə sözlər gəlirsə, gəlsin, qrammatik quruluşda hansı təkmilləşmə gedirsə, getsin, o, mexaniki səciyyə daşıyacaq. Biz onun təhlükələrini dilimizin tarixi boyu çox görmüşük. İndi orta  əsrlərin lüğətlərini demirəm, 20-ci əsrin əvvəllərindən başlayaraq Azərbaycanda xeyli lüğətlər hazırlanıb. Xüsusilə də Azərbaycan dili rus dilinin güclü təsiri altında olduğuna görə rusca sözlər verilir, o sözün qarşılığı Azərbaycan dilində ya olmadığına, ya dəqiq olmadığına görə hər bir lüğətçi özü bir söz icad edirdi. Bu sözlər sonra yazıya keçirdi, amma xalq danışıq dilinə daxil olması çox çətin idi. Ona görə də məsələn, “remont” sözünün qarşılığı kimi “təmir” sözü götürüldü.  Hər halda yazı dilində süniliyi ədəbilik kimi təqdim etmək imkanı var, amma “təmir” sözü nə qədər yazı dilində işlədilsə də, görürsən ki, bu günə qədər də hamı “remont” deyir. Yəni “təmir” sözü Azərbaycan dilinə lazımi şəkildə daxil ola bilmədi. “Remont” da yad söz idi, amma “remont” sözü şifahi dilə daxil oldu. Dilimizin rus dili ilə kontaktı 19-cu əsrdə başlamışdı, amma ərəb, fars dilləri ilə kontaktı 8-10-cu əsrlərdə başlamışdı. Baxmayaraq ki, 7-8 əsrlik bir təcrübə var, ərəb, fars sözləri Azərbaycan dilində məmnuniyyətlə işlənə bilər, amma “təmir” sözü şifahi dilə keçmədi. Bir neçə on illik kontaktın məhsulu olan “remont” sözü şifahi dilimizə keçdi. Hətta mənə maraqlı gəlir ki, bu gün Azərbaycana gəlib çalışan türkiyəli iş adamları da “remont” deyir. Halbuki “təmir” sözü Türkiyə türkcəsində kifayət qədər geniş yayılmış sözdür.

 

Bu cür sözlər kifayət qədər çoxdur. Yəni bu gün Azərbaycan danışıq dilində bəlkə yüzlərlə belə söz var, halbuki indi yazı dilində somovar kimi  rus mənşəli çox az söz var. Bir də bu gün Azərbaycan danışıq dilində texnika, məişətlə bağlı daha çox rus dilində gələn, çoxu da Avropa mənşəli olan  sözlər işlənilir. Məsələn, bu gün demək olar ki, hamı “rol” deyir, “sükan” işlədən yoxdur, hamı “motor” deyir, “mühərrik” işlədən yoxdur, hamı “koçeqar” deyir, “ocaqçı” işlədən yoxdur.  Külli miqdarda bu cür sözləri sadalamaq olar. Ən maraqlı məsələlərdən biri də köməkçi sözlərin rus dilindən götürülməsidir. Çox az adam “əlbəttə” deyir, hamı “koneçno” deyir. “Koneçno”, “tak çto”, “zato”, “znaçit” sözlərini qeyd etmək olar. Niyə bu köməkçi sözlər populyardır? Ona görə ki, bu köməkçi sözlərin Azərbaycan dilində qarşılığı olan sözlər, məsələn,  “belə ki”, “əlbəttə” çox da təbii yaranmayıb, bunlarda müəyyən sünilik var. Məsələn, baxmayaraq ki, “vobşe” o qədər də rahat səslənən söz deyil, amma “ümumiyyətlə” sözündən daha fəaldır. Dilimizdə bu problem də var.

 

İntonasiya problemi

 

Azərbaycan dilinin problemi kimi bir mühüm məsələ də intonasiya ilə bağlıdır. İntonasiya, səslənmə sahəsində çətinliklərimiz çoxdur. Həm də burada mürəkkəb cəhət nədir? Mürəkkəb cəhət odur ki, Azərbaycan dilinin fonetik quruluşuna uyğun gəlməyən o səslənmə eyni zamanda kübar nitqi kimi qəbul olunur. Məsələn, rol, festival, sirk. Bunun yeni nəsil tələffüz xüsusiyyətləri gəlir. Məsələn, “universitet” yox, “universtə” deyilir, hətta bəzən belə yazılır da. Bu gün dilimizə ingilis dilli səslənmələr də gəlir. Bir cəhət də var ki, bu intonasiya, bu cür səslənmələr bütün dillərə təsir edir. Bu gün artıq ingilis dilinin səslənməsindən rus filoloqları da danışırlar. Rus filoloqları deyirlər ki, bəli, bu gün rus dilində çoxlu sayda bu xüsusiyyətlər  var, ingilis dilinin təsiri hiss olunur. Səslənməyə bu cür təsir rus dilində 18-ci əsrdə də, 19-cu əsrdə də var idi, alman, fransız intonasiyası olub, bu gün isə artıq ingilis intonasiyası var. Yəni ingilis intonasiyasının təsiri beynəlxalq təsirdir, yalnız Azərbaycan dilini əhatə edən təsir deyil. İndi bu təsirdən də dilin qorunmaq enerjisi, gücü olmalıdır. Bunun üçün də yenə milli təfəkkürün çevikliyi tələb olunur. Milli təfəkkür çevik olanda, dil istər-istəməz özünü müdafiə edir. Heç zaman düşünmək olmaz ki, bu ünsürlərin qarşısını tam kəsmək mümkündür. Sadəcə, burada müəyyən balans gözlənilməlidir. Dil əlaqələri həmişə dilə zənginlik gətirir, bunun qarşısını dərhal almağa ehtiyac yoxdur.

 

Bir vaxtlar Azərbaycan mətbuat dilinin pintiliyindən çox danışılırdı. Həqiqətən də bir qəzetdə bir məqaləni oxuyurdun, elə sadəcə, başlıqlara baxırdın, görürdün ki, xeyli dərəcədə dil eksperimentləri var. Bunun qarşısını almaq mümkün də deyildi, lazım da deyildi. Çünki istər-istəməz dilin inkişafı üçün mütləq eksperimentlərə meydan açılmalıdır ki, sözlər, bütün axın gəlsin. Amma burada da tələb olunur ki, axın tənzimlənsin. Bu axın həm təbii olaraq, həm də akademik olaraq tənzimlənsin. Bunun üçün də bu məsələ həm Konsepsiyada geniş əhatə olunub, həm də Azərbaycan prezidentinin dil üzrə Dövlət Proqramının işlənilməsi ilə bağlı ayrıca sərəncamı oldu. Dövlət Proqramında tərcümə üzrə də Nazirlər Kabinetinin nəzdində ayrıca bir komitə yaradılması təşkil olundu. Bundan əvvəlki sənədlərdə, xüsusən 2001-ci ildə qəbul olunmuş dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında çox mükəmməl bir sərəncam var idi. Ümummilli lider bu məsələni xüsusi diqqətlə və əhatəli təqdim etmişdi. Ondan sonra da dövlət dili haqqında qanun qəbul olundu.

 

Yad qat

 

Bu gün dillər, o cümlədən Azərbaycan dili çox ciddi şəkildə tərcümənin dilindən asılıdır, yəni tərcümənin çox ciddi təsiri var. Xüsusi ilə bədii filmlərin tərcüməsini qeyd etmək lazımdır. Bu tərcümələrdə əsas problem yaradan nədir?

 

Biz bir vaxtlar demək olar ki, bütün filmləri rus dilindən çevirirdik. Rus dilindən çevrilmənin də artıq bizdə müəyyən təcrübəsi yaranmışdı. O filmlər tərcümə olunurdu ki, o filmlər xeyli dərəcədə sovet ənənəsinə, ideologiyasına, məişət tərzinə, normativlərə uyğun idi. Amma indi Amerika filmləri bir qayda olaraq ingilis dilindən tərcümə olunur.  Oradakı məişət, danışıq, əda, nitq xüsusiyyətlərini hələlik bizim dilimiz lazımi səviyyədə qavramadığına, lazımi ekvivalentləri, uyğun sözləri və uyğun cümlə quruluşunu tapa bilmədiyinə görə çox süni məqamlar əmələ gəlir. Çox qəribədir ki, bu sünilik həm də normativləşməyə başlayır. Yəni elə bil ki, dilin daxilində sözlərdən, cümlə quruluşlarından başlamış intonasiyaya qədər yad bir qat formalaşır. Milli dil təfəkkürü tərəfindən həzm olunmağı çətin olan, amma lazımi şəkildə həzm edilmədən dilin başının üzərində dayanan modellər əmələ gəlib. Bu da dil mədəniyyəti baxımından qüsur hesab olunmalıdır.     

 

Bu çətinliklə, problemlərlə yanaşı hörmətli yazıçımız Afaq Məsudun rəhbərlik etdiyi Tərcümə Mərkəzi bu gün xeyli işlər görüb. Çoxlu əsərlər tərcümə edilib və onların çoxu orijinaldan tərcümə olunub. Bu Tərcümə Mərkəzinin sözün həqiqi mənasında miqyasını genişləndirmək lazımdır.  Tərcümələr təsadüfi adamlar tərəfindən olanda istər-istəməz görürsən ki, kobud səhvlərə yol verilir və sonra da bu səhvlər təkrarlanır.

 

Mətbuat da bu gün xeyli dərəcədə tərcümənin təsiri altındadır. İnformasiyalar daha çox rusca və ingiliscə elektron vasitələrdən götürülür və o dillərin təsiri altında da tərcümə edilərək təqdim olunur.

 

Ən mühüm sahələrdən biri də dissertasiyalardır. Dissertasiyalarda da tərcümələrə həddindən artıq yer verilir. Çox nataraz cümlə quruluşları, sözlər meydana çıxır. Bu da akademik təfəkkürümüzü zədələmək təhlükəsini daşıyır. Şübhəsiz ki, ən birinci ictimai-siyasi təfəkkürdür. İctimai-siyasi təfəkkürdə işlənən dilə təzyiq göstərmək çox çətindir. Akademik təfəkkürdə işlənən dil belədir ki, bura sənin millətinin intellektidir, o intellekt sənin dilində olmalıdır. Sənin dilin onu süni şəkildə yox, təbii olaraq ifadə etməlidir. Burada ən çox diqqəti cəlb edən odur ki, akademik nitq məzmunu etibarı ilə daha çox beynəlmiləldir. Yəni elmi təfəkkürün milliliyindən danışmaq çox çətindir. Ədəbiyyatın daha çox, müəyyən qədər də ictimai-siyasi təfəkkürün milliliyindən danışmaq olar, çünki ifadə tərzində, düşüncədə oxşarlıqlar çoxdur. Akademik  təfəkkürdə isə demək olar ki, xüsusən texniki elmlər, təbiət elmləri sahəsində həmişə eynilikdir. Ona görə də çətinliklərimizdən biri də bu sahədədir. Dil əlaqələrində, dil münasibətlərində bu və ya başqa dilin nə dərəcədə müstəqil, nə dərəcədə sərbəst hərəkət etməsindən o dilin taleyi daha çox asılıdır.

 

Uşaqların çox danışmağının önəmi

 

Yəqin ki, bu yaxınlarda cənab prezident tərəfindən dövlət dili ilə bağlı Konsepsiya  təsdiq olunacaq. Bu Konsepsiyada Milli Televiziya və Radio Şurası (MTRŞ)və Mətbuat Şurası ilə bağlı müəyyən təkliflər var. Mən daha çox Mətbuat Şurasının təcrübəsində görmüşəm ki, mətbuatın dili ilə bağlı konfranslar keçirirlər, müzakirələr olur. Mən də o tədbirlərin bir neçəsində iştirak etmişəm. MTRŞ-də də bu məsələyə maraq var. Çünki ardıcıl olaraq MTRŞ sədri Nuşirəvan Məhərrəmli müəyyən fikirlər, mülahizələr söyləyir. Mən düşünürəm ki, dil məsələsi hər bir televiziyanın özü üçün maraqlı, əhəmiyyətli bir iş kimi istənilən bir aparıcının, verilişin dili televiziyanın özündə tez-tez müzakirə olunmalıdır. İndi çox zaman filmləri də televiziyalar özləri dublyaj edirlər. Bu dublyajlarla bağlı da televiziyaların özlərinə müzakirələr getməlidir ki, peşəkarlıq səviyyəsi yüksəldilsin. Bizim hamımız gileylənirik, amma bununla yanaşı görülən işlər lazımi qədər məhsuldar olmur. MTRŞ AMEA Dilçilik İnstitutu, universitetlərdəki müvafiq kafedralarla  birgə bununla bağlı daha çox müzakirələr keçirməlidir. Həm də bu müzakirələr televiziya işçilərinin iştirakı ilə keçirilməlidir ki, o müzakirələrin nəticəsi, faydası olsun. Mətbuatda da təhlillər çox azdır, mütəxəssislər çox az söz deyirlər.

 

Bir də televiziyanın özünəməxsusluğu nədir? Əgər biz bir vaxtlar televiziyada, radioda yazıb oxuyurduqsa və bu, müəyyən standartları qoruyurdusa, bu gün o yoxdur. Bu gün alim də, həkim də, müəllim də hansısa peşəkar mövzuda danışanda yazılı mətnsiz danışır. Şifahi nitq üçün isə həm də istedad olmalıdır. Yəni elə alim var ki, televiziyada çıxıb iki cümləni normal deyə bilmir, amma bunun çox gözəl nitqi var. Ona görə şifahi nitqin spesifikliyi nəzərə alınmalıdır. Bu, sadəcə danışmaq deyil, televiziyanın texniki göstəriciləri nə dərəcədə əhəmiyyətlidirsə, dil də o dərəcədə əhəmiyyətlidir. Dil artıq o televiziyanın işidir, sadəcə, ikinci, üçüncü dərəcəli bir məsələ deyil. Ona görə də bu əhəmiyyətli məsələ ilə bağlı da MTRŞ-də geniş müzakirələr aparılmalıdır. Hətta bu gün danışıq nəticə etibarı ilə yazılı mətbuata da gəlir. Nə qədər çalışılsa da, yazılı nitqdə şifahi nitqin ünsürləri qalır.

 

Mən bir cəhəti də qeyd etmək istəyirəm. Bizim orta məktəblərdə, xüsusilə ibtidai siniflərdə uşaqlarımızı, şagirdlərimizi az danışdırır, onların danışmağına az şərait yaradırlar. Uşaqlar danışığında, nitqində bir səhvə, qüsura yol verən kimi dərhal onları töhmətləndirir, danışmağının qarşısını alırlar. Uşaqları danışdırmaq, şifahi nitqə hazırlamaq lazımdır. Qoy uşaqlar çox danışsınlar. Bu cəhətdən rus məktəblərinin təcrübəsi daha çoxdur. Axı danışmaq həm də bir şəxsiyyət aktıdır. Sən danışırsansa, sənə “düz danışmırsan, sus!” deyirlərsə, bu, sənin şəxsiyyətinə də təsir edir. Danışmağı, fikrini düzgün ifadə etməyi öyrənən insan eyni zamanda şəxsiyyətini də qoruya bilir. Yəni işin ciddi linqvistik-psixoloji tərəfi də var. İndi biz çalışırıq ki, ibtidai sinif dərsliklərində, proqramlarında o cəhətə çox fikir verək, uşaqlar, gənclər danışsınlar, fikirlərini deməkdən çəkinməsinlər, qorxmasınlar, sıxılmasınlar. Yoxsa böyüyəndə nə nitqin bir nitq, nə düşüncən bir düşüncə olur, sözünü də deyə bilmirsən, çəkinirsən. Uşağı çəkingən etmək olmaz. Bu da bizim bugünkü dil proseslərində çox mühüm bir cəhətdir ki, müəllimlərimiz onu nəzərə almalıdırlar. Müəllimlər uşaqları danışdırmalı, elə etməlidirlər ki, uşaqlar çəkinməsinlər. Təbiidir, birdən uşaq dərsə hazırlıqsız gəlir. Dərsə hazırlıqsız gələn uşaq nə danışacaq, çalışır ki, bunu danışdırmasınlar. Çalışır ki, müəyyən müddət ərzində susa-susa birtəhər vəziyyətdən çıxsın. Sonra da onda belə təsəvvür yaranır ki, ən yaxşısı susmaqdır. Düzdür, az danışmaq gözəl şeydir, amma heç danışmamaq, danışanda fikrini ifadə edə bilməmək, sözünü deməkdən çəkinmək lap pisdir.

 

Türkiyə türkcəsi amili

 

Bu gün başqa bir mənzərə də açılıb. Azərbaycan dili türk dilləri, xüsusi ilə Türkiyə türkcəsi ilə çox geniş kontaktdadır. Doğrudur, o biri türk dilləri ilə hələ yeni-yeni əlaqələr başlayır, amma demək olar ki, bu gün Azərbaycan dilini Türkiyə türkcəsiz təsəvvür etmək mümkün deyil. Bu əlaqələrin yaxşı cəhətləri həddindən artıq çoxdur, amma müəyyən süni tərəfləri də var. Əvvəllər daha çox idi, biz bir Türkiyə türkünü istər Türkiyədə görək, istər Azərbaycanda görək, istərsə dünyanın harasında görək, onunla söhbət edəndə çalışırıq ki, nitqimizi Türkiyə türkcəsinə oxşadaq. Yəni birinci addımı biz atırıq. Bu, həm də sevgidən, uzun illərin həsrətindən, eyni zamanda da Türkiyə türkcəsinin xüsusi nüfuzundan irəli gəlir. Çünki bu, 20-ci əsrin əvvəllərində də, 30-cu illərdə də belə idi.

 

İndi başqa bir tendensiya da müşahidə olunur, Azərbaycan dili də Türkiyə türkcəsinə təsir edir. Təsirlər daha çox nədə olur? İddialar var ki, Türkiyə türkcəsində ərəb, fars, yaxud Avropa mənşəli sözlərin əvəzinə Azərbaycan sözləri gəlsin. Çünki Azərbaycan sözü türk mənşəlidir və rahat tələffüz olunur. Məsələn, “anahtar” yerinə “açar” sözü işlədilsin. Eyni zamanda Türkiyənin Şərqi Anadolu hissəsində azərbaycanlılar çoxdurlar və Azərbaycan dili orada bu gün də nüfuzunu saxlayır. İstər-istəməz bu gün oradan çıxan ziyalılar da Azərbaycanın müstəqilliyindən sonra Türkiyə mətbuatına, eləcə də elmi üslubuna daha çox Azərbaycan intonasiyası, sözü təqdim edirlər və biz də bunu görürük. Tabeli mürəkkəb cümlələrin Azərbaycan dilində mövqeyi çox yüksəkdir və Türkiyə türkcəsinə onun da təsiri hiss olunur. Bu da təsadüfi deyil. Hələ 1926-cı ildə  İ Türkoloji Qurultayda Azərbaycan ədəbi dili necə olmalıdır, dil hadisələri, dil faktları, yəni sözlər, cümlə quruluşları, intonasiya, tələffüz xüsusiyyətləri haradan toplanmalıdır məsələsi ortaya çıxanda  o zaman üç region – Şimali Azərbaycan, Cənubi Azərbaycan və Şərqi Anadolu göstərildi. Baxmayaraq ki, Türkiyənin tərkibində idi, amma Şərqi Anadoludakı danışıq Azərbaycan danışığı hesab olunurdu.

 

Bu gün türk dilləri Azərbaycan dilinin müqayisəsinə bu gün geniş ehtiyac var, müqayisəli lüğətlər hazırlanmalıdır. Düzdür, Türk Dil Qurumu tərəfindən belə lüğətlər hazırlanıb. Yəni bütün türk dilləri müqayisə olunub. Bu lüğətlər iri həcmli lüğətlərdir. Əlbəttə, iri həcmli lüğətlər olmalıdır. Elektron informasiya vasitələrində də bu lüğətlər olmalıdır ki, istənilən türk üçün türk dilləri arasındakı münasibəti, uyğunluğu və fərqlə maraqlanan hər kəs ondan istifadə edə bilsin. Amma daha çox ən çox işlənən sözləri əhatə edən müqayisəli lüğətlərə ehtiyac var. Niyə? Bu gün son Azərbaycan orfoqrafiya lüğətində 100 min söz var. Hətta müəyyən sözləri də təsəvvür etsək, Azərbaycan dilində 100 mindən artıq söz var. Amma hər insan ömrü boyu bu sözlərdən 10 minə qədərini işlədə bilər, ya yox. Bu 10 min söz də müxtəlif ixtisas məsələləri, səciyyəvi məqamlarla bağlıdır. Ümumiyyətlə isə 2-3 min populyar sözün lüğəti hazırlanmalıdır.  Bu, həm Azərbaycan, həm Türkiyə, həm Özbəkistan, həm Tatarıstan üçün lazımdır. Biz bu gün buna ehtiyac hiss edirik.

 

Ən mübahisəli məsələ...

 

Bu gün bir mühüm məsələ ortaq ünsiyyət vasitəsi olan ortaq türk dili, yaxud ümumtürk dilinə baxışla bağlıdır. Doğrudur, bu məsələ türk xalqlarının bütün qurultaylarında, dil, mədəniyyət, inteqrasiya ilə bağlı bütün toplantılarda, yığıncaqlarda həmsişə müzakirə olunur.  Amma bu məsələ qədər də mübahisəli məsələ təsəvvür etmək çətindir. Mübahisəliliyin də xarakteri nədədir? Bəziləri bunu tam inkar edir, deyirlər ki, bu, mümkün deyil. Bəziləri də bunu tam təsdiq edir, deyirlər ki, ortaq türk dili artıq mövcuddur. Məsələn, deyirlər ki, Türkiyə türkcəsi bu gün ortaq ünsiyyət funksiyasını yerinə yetirir. Digər tərəfdən, Türkiyə türkcəsi kifayət qədər mükəmməldir, Türkiyə türkcəsində 1930-50-ci illərdə ardıcıl şəkildə təkmilləşdirmə işi görülüb. O zaman qədim türk dilindən başlamış lüğətlər hazırlanıb və ümumtürk leksikonu ora daxil edilib. Ona görə də Türkiyə türkcəsinin ortaqlıq imkanı olub. Böyük, uzun illər müstəqil olan bir dövlətin, xalqın dili olması da buna təsir edir. Bu gün Türkiyənin nəinki Türk Dünyasında, dünyanın çox yerində  türk məktəbləri fəaliyyət göstərir. Mətbuat və televiziya şəbəkəsi həddindən artıq zəngindir. Bütün bunlar Türkiyə türkcəsinə müəyyən üstünlük verir. Bir də nəzərə almaq lazımdır ki, Türkiyə türkcəsi Azərbaycan türkcəsinə çox yaxındır. Türkiyə türkcəsini uyğurlar, özbəklər, türkmənlər, yəni oğuz və karluq xalqları yaxşı anlayırlar. Ancaq Türkiyə türkcəsini anlamaq qıpçaqlar üçün problemdir.  Yəni Türkiyə türkcəsində danışmaq qazaxlar, qırğızlar, tatarlar, başqırdlar, yakutlar və çuvaşlar üçün çətindir. Hətta biz bu gün Türkiyə müəyyən məclislərdə olanda biz azərbaycanlılar Türkiyə türkləri ilə qazaxlar arasında tərcüməçilik edirik. Tərcüməçiliyi də rus dili vasitəsi ilə deyirik. Yəni fikrini  Türkiyə türkcəsində deyir, biz onu rus dilinə çeviririk, qazaxlar rus dilində deyir, biz onu çeviririk. Bilmirəm ki, bu yaxşı haldır, yaxud təəssüf etməliyik, amma tarix, tale biz azərbaycanlılara belə bir qabiliyyət verib.

Böyük yazıçımız Anar danışır, deyir ki, bir tatar yazıçısı bir tədbirdə idik, bir türkiyəli alim çıxış etdi. Həmin alim deyib ki, biz türklər hamımız bir-birimizi başa düşürük, bizim dilimiz eynidir. Belə deyəndə hamı əl çalır. Tatar yazıçı Anardan soruşur ki, “çto on qovorit”? Anar da ona rusca ona deyir ki, bəs türkiyəli alim belə deyir. Bunu eşidən tatar yazıçı “pravilno” deyərək əl çalmağa başlayır. Bu nədir? Bu, ortaqlığı görmək marağı, həsrətidir. Baxmayaraq ki, ümumi anlaşma yoxdur, bununla yanaşı, ümumi anlaşmanın olmasına bir istək var. Bu, çox mühüm ruhi, mənəvi bir əlamətdir və biz bunu itirməsək yaxşıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222
avatar

Oxşar yazılar