“Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin cəbhədə Azərbaycan hərbçilərinin itki verməsi barədə yaydığı məlumatı təsdiq etmir. Çünki bu yalandır”.
Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
Ermənilərin Azərbaycan Ordusunun adı açıqlanmayan Hüseynov soyadlı və soyadı açıqlanmayan Ceyhun adlı iki hərbçisinin atışmada həlak olması, Elşad adlı hərbçinin isə yaralanması barədə yaydıqları məlumata münasibət bildirən V. Dərgahlı bu ad və soyadların ermənilər tərəfindən qurama olduğunu söyləyib.
“Ermənilər bu yalanlarını öz ictimaiyyətlərinə fakt kimi göstərməyə, beləliklə də, öz itkilərini hər bir vasitə ilə gizlətməyə çalışırlar. Biz hər bir itkimiz barədə məlumat veririk. Tam əminliklə bildirirəm ki, ermənilər bu gün verdikləri 20-dək itkininin böyük qismini Ermənistanda baş qaldıracaq vətəndaşların etirazlarına görə gizlədirlər. Həmişə olduğu kimi, bu dəfə də ölənlər arasında yalnız Ermənistandan olan əsgərlərin adı açıqlanır. Qarabağdan olan əsgərlərin ölümü barədə heç bir məlumat verilmir. Belə çıxır ki, cəbhəyə göndərilən Qarabağ erməniləri güllə keçirməyən sehrli köynək geyinirlər, onlara heç nə olmur”, - deyə V. Dərgahlı bildirib.
Ermənilərin nümayiş etdirdikləri və guya azərbaycanlı diversanta məxsus atılıb qalmış silahın fotosuna gəlincə, V. Dərgahlı bunu ermənilərin hazırladıqları foto olduğunu bildirib. Onun sözlərinə görə, fotoda avtomatın üzərində nümayiş etdirilən optik nişangahlar ümumiyyətlə Azərbaycan Ordusunun istifadəsində mövcud deyil. Bu fotonu indiyədək ermənilər müxtəlif vaxtlarda, bir neçə dəfə eyni tipli xəbərlərdə, fərqli rakurslardan nümayiş etdiriblər: “Ermənilərin dediyi kimi, bizim hərbçilər onların səngərinə hücum ediblərsə, o zaman silahı niyə bu optika ilə yükləyirlər ki... Yaxın döyüşdə bu tip optik nişangahlardan istifadə artıq yükdən başqa bir şey deyil”.
Nazirlik sözçüsü onu da bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəbhədə əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin hər bir cəhdinin layiqli cavabı verilir: “Düşmən başa düşməlidir ki, onun hər cəhdi ona baha başa gələcək, hər cəhdini onlarla əsgərinin qanı ilə ödəməli olacaq”.