“Hikmət Hacızadə Müsavat Partiyasını təftiş etməkdə davam edir. Belə görünür ki, o özünü Müsavat Partiyasında hiss etməkdədir və mən buna şadam. Hikmət Hacızadənin Müsavat Partiyasında fərqli fikirli insanlara dözümsüz yanaşılması barədə fikri isə tamamilə əsassızdır”.
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli deyib.
Qeyd edək ki, H. Hacızadə Müsavat Partiyasında fərqli fikirli insanlara dözümsüz yanaşıldığını bildirib. Eyni zamanda Müsavat başqanı Arif Hacılının qardaşı olan Mustafa Hacıbəylinin zamanında fərqli fikirli və emosional olduğu üçün müxtəlif yerlərdən qovulduğunu, indi isə partiyada ”iqtidar” olduqları üçün fərqli danışdığını vurğulayıb.
M. Hacıbəyli isə deyib ki, fərqli fikirli insanlar Müsavat Partiyasının Divanında, Məclisində, Mərkəzi Nəzarət-Təftiş Komissiyasında, rayon təşkilatlarında da var, amma heç kim onları partiya məsuliyyətinə cəlb etmir: “İndiyə qədər partiyadan 6 nəfər çıxarılıb. Bu şəxslər fərqli fikirlərinə görə yox, konkret partiya əleyhinə fəaliyyətlərinə, ardıcıl olaraq partiyanı gözdən salmaq, bölücülük, böhtan və təhqirə görə, o cümlədən üzvləri istefaya, üzvlük haqqını ödəməkdən, partiya tədbirlərində iştirakdan imtinaya vadar etməyə görə partiyadan çıxarılıblar. Partiyada fərqli fikirli insan çoxdur, Müsavat Partiyası həmişə plüralist partiya olub, elə də qalacaq”.
M. Hacıbəyli H. Hacızadənin onunla bağlı fikirlərinə də münasibət bildirib: “Məni qovurdularsa, niyə o zaman Hikmət Hacızadənin səsi çıxmırdı? Mən bir dəfə çalışdığım qəzet kursunu dəyişdiyi üçün oradan işdən çıxmışam. Bir dəfəMüsavat Partiyasının Liberal İttifaqa girməsinə qarşı təhqiramiz ifadələrə etiraz etdiyim üçün işdən çıxarılmışam. Hikmət Hacızadə indi baş verənlərə çox sərt şəkildə münasibət bildirir, amma indiyə qədər mənim özümə qarşı da nə isə baş verəndə səsini çıxarmayıb. Yeri gəlmişkən, Hikmət Hacızadə indi Səxavət Əlisoyla dostluq edir, halbuki Səxavət Əlisloy müsavatçılığa, liberal ideologiyaya zidd olan bir fikir işlətmişdi. Demişdi ki, Müsavat Partiyasının başqanı ancaq türk olmalıdır, liberal, demokrat Hikmət Hacızadə isə buna reaksiya verməmişdi. Ümumiyyətlə, Hikmət Hacızadənin səmimiyyətinə böyük şübhəm var, çünki Səxavət Əlisoyun müdafiəsi ilə müqayisədə heç vicdan məhbuslarının müdafiəsində bu qədər fəallıq göstərmir. Belə görünür ki, Hikmət Hacızadə özünün mənsub olduğu qruplaşmanın hüquqları kontekstdə liberal, bu qruplaşmanın maraqları kontekstində demokrat olur. İqtidar məsələsinə gəlincə, partiyada Hikmət Hacızadə, Səxavət Əlisoy, Vurğun Əyyub, Fəxrəddin bəy və digərləri bir dəstə oliqarx idi. Ortada yeyib, qıraqda gəzənlər, xaş məclislərində mənim kimi sıravilərin fəaliyyətindən bəhrələnənlər... Müsavat Partiyası qurultay sayəsində bu oliqarxların əlindən qurtuldu”.