Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu tərəfdarları ilə növbəti görüşünü keçirib.
APA-nın məlumatına görə, görüşdə Müsavat Məclisinin üzvü Vurğun Əyyub partiyanın taleyindən narahat olduqlarını bildirib.
V. Əyyub deyib ki, seçkinin legitimliyini tanımadığını bəyan etməsindən bəzi şəxslər istifadə edərək, növbəti nizamnamə pozuntusuna gediblər. O, Müsavat rəhbərliyini hədə-qorxulara son qoymağa çağırıb: “Qurultaydan sonra Məclisə səlahiyyət verilməyib. Səlahiyyət almayan Məclis isə Divanı seçib. İndi Nizamnamədən kənar seçilən qurumlar legitim deyil. Bu nizamnamə pozuntularına son qoyun. Müsavatın qurulmasında heç bir xidməti olmayan şəxs məni partiyadan qovmaqla hədələyir. Bunlara son qoyun. Adamları hədələməkdən əl çəkin. Mən istefa verənləri də bu yoldan çəkinməyə çağırıram. Çünki bu yalnız bir qrupun marağına xidmət edir. Bizə tutulan iradlardan bir də odur ki, komissiyaya Mərkəzi Nəzarət-Təftiş komissiyasına şikayət deyil, arayış təqdim etmişik. O sənədi ona görə, şikayət yox, arayış adlandırılmışdıq ki, münasibətləri gərginləşdirmək istəmirdik”.
Q. İbadoğlu isə Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) tərəfindən partiyanın qurultayı ərəfəsində və sonra baş verən pozuntularla bağlı təqdim edilən arayışa verilən rəyə münasibətini açıqlayıb. Q. İbadoğlu qeyd edib ki, arayışa hüquqi deyil, siyasi rəy verilib. O, Müsavatın hazırkı durumunu arzuolunmaz adlandırıb: “Mən çox arzu edərdim ki, partiyanın başqanlığına namizəd olan şəxslər də bura gələrdilər. Çünki biz partiyada qalıb mübarizəmizi davam etdirmək əzmindəyik. Burada iki məsələ durur. İlk öncə, arayışa verilən cavabı və bundan sonrakı addımlarımızla bağlı müzakirə aparmaq niyyətindəyik. Biz arayışa verilən rəyə cavab hazırlamışıq. Bu rəy onu göstərir ki, komissiya tərəfindən arayış tədqiq edilməyib və müvafiq araşdırmalar aparılmayıb. Biz qurultaydan sonra da Nizamnamə pozuntularının şahidi olduq. Rəyin hazırlanması zamanı komissiya hüquqi rəy deyil, siyasi rəy verib və bununla da müstəqil olmadığını göstərib. Bir neçə rayon təşkilatı komissiyanın qərarı olmadan buraxılıb. Bu da digər Nizamnamə pozuntusudur. Əvəzində özləri çox maraqlı faktları aşkara çıxarıblar. Məsələn, qurultay nümayəndələrinin kvota məsələsində ciddi nizamnamə pozuntusu qeydə alınıb”.
Q. İbadoğlu bildirib ki, qurultaydan sonra da partiyanın idarəçiliyində problemlər var. O qeyd edib ki, partiyada bir qrup şəxsin mənafeyini müdafiə edən proses başladılıb: “Bu da partiyanın inkişafına mənfi təsir göstərir. Partiyanın bəyanatlarının da bir mərkəzdən verildiyinin şahidi oluruq. Biz bir qrup tərəfindən Müsavat üzvlərinin maraqlarına xidmət etməyən qərarların əleyhinəyik”.
Q. İbadoğlu Müsavatda fraksiya yaradılması məsələsinə də münasibət bildirib. O, fraksiya məsələsi ilə bağlı yekun qərarın müzakirələrdən sonra veriləcəyini qeyd edib: “Fraksiya yaradılması qurultaydan sonrakı təkliflər sırasında idi. Mən bu məsələni beynəlxalq aləm nümunəsində də araşdırdım və məlum oldu ki, bir sıra ölkələrdə fəaliyyət göstərən partiyaların tərkibində də fraksiyalar mövcuddur. Biz fraksiyanın pis nümunəsini Xalq Cəbhəsinin dövründə görmüşük və buna görə də qrup maraqlarına xidmət edən fraksiyanı Müsavat Partiyasına tətbiq etmək niyyətində deyilik”.
O, Müsavatdakı mövcud durumun müzakirəsi, atılacaq addımlar barədə işçi qrupunun yaradılmasının vacibliyini qeyd edib: “İşçi qrupu partiyanın rayon təşkilatları ilə görüş keçirməli, ümumi mövqe ortaya qoymalıdır”.
Başqanlığa sabiq namizəd Səxavət Əlisoy isə çıxışında qeyd edib ki, Müsavat bu gün içindəki saxtakarlara qarşı müzakirə aparır. O, partiyada fraksiya yaradılmasının tərəfdarı olduğunu açıqlayıb: “Adam utanır ki, Müsavatda hakimiyyəti ələ keçirmək üçün bu adamlar min oyundan çıxdılar. Bu gün sosial şəbəkələrdə bizə qarşı kampaniya aparanlar Arif Hacılının partiyada yüksək vəzifəyə qoyduğu şəxslərdir. Ziyalı insanların təhqir edilməsinin başında birbaşa Arif Hacılı dayanır. Belə olmasaydı, onun qardaşı Mustafa Hacıbəyli sakit dayanardı. Bu gün kim Arif Hacılıya biət etmirsə, onu düşmən elan edirlər. Biz Müsavatdakı avtoritarizmə son qoymalıyıq”.
Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev isə Təşkilat Komitəsinin yaradılmasını və imza toplamaqla, növbədənkənar qurultayın təşkilinə çağırıb. Partiyanın Qadınlar Təşkilatının sədri Ellada Məmmədli də çıxışında partiya daxilində birliyin yaradılmasını dəstəkləyib.
Tədbirin bəzi iştirakçıları isə qurultayın nəticəsinin ləğvi üçün imzatoplama kampaniyasına başlamağı təklif ediblər.
Bundan sonra zalda növbədənkənar qurultayı keçirilməsi ilə bağlı tələblər səsləndirilib.
Yekunda partiyadaxili vəziyyətin dəyərləndirilməsi və səslənən təkliflərin müzakirəsi üçün İşçi Qrupu yaradılıb. İşçi Qrupunun formalaşdırılması üçün səlahiyyət Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoya verilib.