Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında “Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: konkret və genişlənmiş öhdəliyə doğru” qətnamə layihəsi ətrafında müzakirələr aparılıb.
Lent.az-ın məlumatına görə, müzakirələrə qatılan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva deyib ki, bu qərar layihəsinin məqsədi soyqırımlar, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır: “ Ancaq AŞPA sadəcə qərarlar qəbul etməklə kifayətlənməməlidir. Qəbul etdiyi qərarların həyata keçirilməsi məsələsinə ciddi diqqət yetirməlidir. Belə olarsa, bir çox cinayətlərin qarşısını zamanında almaq mümkün ola bilər və ya bu cür cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsini təmin etmək mümkün ola bilər.
AŞPA prinsiplərini xatırladan millət vəkili qeyd edib ki, bu prinsiplərə görə təşkilata üzv olan bir ölkə digərinin torpaqlarını işğal edə və işğalda saxlaya bilməz: “Bunu edən ölkəyə qarşı ciddi tədbirlər görülməlidir. Amma Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistana qarşı Avropa Şurası tərəfindən heç bir ciddi addımlar atılmır. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Onların bir hissəsi Ermənistanda yüksək vəzifələr tuturlar. Əsir, girov götürdükləri azərbaycanlılara qarşı işgəncələr verənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Bütün Xocalıların sizdən istəyi də sadəcə budur. Ədalət! Ədalətin müdafiəsi! Təşkilatımız qəbul etdiyi qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana ciddi təsir etməlidir”.
Q.Paşayeva son olaraq, bu gün qəbul olunacaq sənədin insanlıq əleyhinə cinayətlərə qarşı ciddi bir mübarizə imkanı yaradacağına və onların yerinə yetirilməsinə ciddi nəzarət edə biləcəyinə ümidvarlığını ifadə edib.