Mədəniyyət Diplomatiyası üzrə İnstitutun konfransında Qarabağdan da danışılıb
05 noyabr 2013 06:55 (UTC +04:00)

Mədəniyyət Diplomatiyası üzrə İnstitutun konfransında Qarabağdan da danışılıb

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov noyabrın 4-də Mədəniyyət Diplomatiyası üzrə İnstitutun dəvəti ilə bu təşkilatın Vaşinqton konfransında çıxış edib.

Səfirlikdən Lent.az-a verilən məlumata görə, qərargahı Berlində yerləşən Mədəniyyət Diplomatiyası üzrə İnstitutunun cari ilki konfransı “Qitələr arasında əməkdaşlıq üzrə zirvə görüşü”  adı altında  noyabrın 4-7- də keçirilir.

Konfransın ilk günü çıxış edən səfir E.Süleymanovun məruzəsi konfransın gündəliyindəki “BMT Təhlükəsizlik Şurası və beynəlxalq hüquq” mövzusuna həsr olunub. Səfir tədbir ilk növbədə Azərbaycan Respublikasının hazırda BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən biri olması faktından irəli gəldiyini qeyd edib və cəmi 22 il müstəqillik tarixinə malik Azərbaycanın ilk dəfə, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında birinci olaraq dünyanın ən mötəbər beynəlxalq qurumuna seçilməsinin ölkəmiz üçün çox əlamətdar bir hadisə olduğunu bəyan edib. O, bu uğuru Azərbaycanın bir dövlət olaraq qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin göstəricisi kimi qəbul etdiyini və Şura üzvü kimi ölkəmizin dünyada sülh və təhlükəsizliyin təmin olunmasına töhfə vermək üçün səylərini əsirgəmədiyini söyləyib.

Daha sonra səfir E.Süleymanov BMT Təhlükəsizlik Şurasının struktur və fəaliyyət prinsipləri, həyata keçirdiyi vəzifələr və qarşısında dayanan məqsədlər haqqında danışdı və bu qurumun qəbul etdiyi qərarların yaratdığı beynəlxalq hüquq öhdəlikləri və onların icra mexanizmləri barədə tədbir iştirakçılarına məlumat verib.

Təhlükəsizlik Şurasının qərarlarının icrası kontekstində E.Süleymanov Şuranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hələ 1993-cü ildə qəbul etdiyi məlum dörd qətnaməyə istinad edib və 20 il ötməsinə baxmayaraq, Ermənistanın onları icra etməkdən imtina etdiyini, beynəlxalq ictimaiyyətin isə bu hala lazımı münasibət bildirmədiyini vurğulayıb.      

Sonda səfir E.Süleymanov Mədəniyyət Diplomatiyası üzrə İnstitutun apardığı fəaliyyətləri qeyd edərək, qitələr və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoqun təşviqinə yetirdiyi diqqəti xatırladıb. O, bu mənada həmçinin 31 oktyabr – 1 noyabrda baş tutmuş Bakı Beynəlxalq Humanitar Forumun işindən söz açaraq, Respublika Prezidenti İlham Əliyevin Forumun açılışında söylədiyi nitqdən sitatlar gətirdi və xüsusilə onun dünyada əməkdaşlığı, sivilizasiyalararası dialoqu gücləndirmək sahəsində medianın roluna dair fikirlərini iştirakçılarla bölüşüb. 

Bundan əlavə, iştirakçıların suallarını cavablandırarkən səfir E.Süleymanov Azərbaycanda müxtəlif etnik, dini qruplara mənsub həmvətənlərimizin yaşadığı qarşılıqlı anlayış və hörmət mühitini təsvir edib. O, bu baxımdan ölkəmizin başqaları üçün nümunə ola biləcəyini söyləyib. Səfir dövlət qurumları ilə yanaşı ictimai bir təşkilat olaraq Heydər Əliyev Fondunun yerli və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfələri sadalayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

Oxşar yazılar