Maliyyə Nazirliyi siyasi partiyaların təmsilçilərinə seminar keçəcək.
Lent.az-ın Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Maliyyə Nazirliyi bununla bağlı siyasi partiyalara müraciət edib.
Müraciətdə qeyd edilib ki, siyasi partiyalar tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə yaranacaq ilkin çətinliklərin qarşısının alınması məqsədi ilə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 13-15 fevral tarixlərində saat 14:30-dan 17:20-dək birinci seminar praktikum təşkil ediləcək. Seminar praktikumda iştirak etmək üçün siyasi partiyaların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşlarının fevralın 12-dək qeydiyyatdan keçmələri xahiş olunur.
Qeyd edək ki, Maliyyə Nazirliyi dünən siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsinə başlanıldığı barədə məlumat yayıb. “Siyasi partiyalar haqqında” qanuna əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür. Həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.