Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Hərbi akademiyalar komandanı ordu generalı Abdullah Recepin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazir Kəmaləddin Heydərov FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər barədə ümumi məlumat verib. Nazir Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən yaradılmış FHN-in Akademiyasının fəaliyyəti haqqında danışıb, bu ali təhsil ocağı ilə Türkiyənin müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Ordu generalı Abdullah Recep qardaş ölkənin müvafiq qurumlarının Azərbaycanın FHN ilə mövcud əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirib, xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması istiqamətində böyük imkanların mövcudluğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.