İsveçin Malmö şəhərində, Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbirə İsveç parlamentinin deputatları və bir neçə ölkənin diaspor təmsilçiləri də qatılıb. Konfransın əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həllində birgə fəaliyyət göstərmək olub. Tədbirdə iştirak edən İsveç Parlamentinin üzvlərinə qeyd olunan münaqişə haqda müxtəlif aspektlərdən məlumatlar verilib.
Konfrans iştirakçıları Xocalı soyqırımının növbəti ildönümünün birgə təşkili və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında birgə fəaliyyətin konturlarını da müzakirə ediblər. Tədbirdə Güney Azərbaycanda yaşayan azərbaycanlıların da haqlarının pozulması halları faktlarla sadalanıb.
Tədbirdə Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, isveçli deputat Alan Vidman çıxış ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində rejissor Fuad Dadaşovun “Kür Çayi” filminin ilk təqdimatı keçirilib.