Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və onun müavini Ronen Krauszla görüşüb. Şuradan Lent.az-a verilən məlumata görə, səfir Harpaz dövlətlərimiz arasında dinamik inkişaf edən münasibətlərin səviyyəsindən razılığını bildirib. O, Xocalı soyqırımı ilə bağlı bu günlərdə İsraildə keçirilən tədbirdə xarici işlər naziri Aviqdor Libermanın iştirakının buna sübut olduğunu deyib. Səfir Azərbaycanın dünyəviliyin sözün həqiqi mənasında mövcud olduğu islam ölkəsi kimi unikallığı ilə seçildiyini bildirib.
Şura sədri yəhudi icmasının tarix boyu Azərbaycanda bərabərhüquqluluq şəraitində yaşadığını və ölkə həyatının bütün sahələrində fəal iştirak etdiyini deyib. Şuranın bütün QHT-lərlə, o cümlədən yəhudi icmasının yerli və beynəlxalq təşkilatları ilə möhkəm əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycan və İsrail QHT-lərinin əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.