Bakıda İran İslam İnqilabının 35-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil olunub.
APA-nın məlumatına görə, rəsmi qəbulda ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, parlament nümayəndələri, burada yaşayan İran vətəndaşları , ictimai xadimləri iştirak edib.
Tədbirdə İranın ölkəmizdəki səfiri Möhsün Pak Ayin İran İslam Respublikasının 35 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. O, qeyd edib ki, İslam İnqilabı "demokratik şəkildə keçirilən yeganə inqilab" olub: "İnqilab islamın zəiflədiyi bir vaxtda baş verib. Bu İslamın və ilahiyyatın inqilabıdır".
Azərbaycan-İran əlaqələrinə toxunan səfir qeyd edib ki, bu münasibətlər artan xətlə inkişaf edir.
Çıxışda səfir həmçinin İrana qarşı tətbiq edilən sanksiyalara və ölkəsinin nüvə proqramına toxunub. O qeyd edib ki, tətbiq olunan sanksiyalara baxmayaraq, İran inkişaf edib və sülh nüvə proqramının inkişaf etdirilməsinə hüququnu qoruya bilib.
Tədbirdə iştirak edən Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov İran İslam Respublikasının prezident və xalqını bu gün münasibəti ilə Azərbaycan hökuməti və xalqı adından təbrik edib.
İki ölkə arasında sıx iqtisadi, siyasi və mədəni əlaqələrin olduğunu bildirən nazir qeyd edib ki, hər iki ölkə beynəlxalq təşkilatlarda bir birinə dəstək verir, ikitərəfli əlaqələr inkişaf edir: "Azərbaycan və İran həmişə bir-birinə bağlı olub. Ənənəvi, tarixi köklərimiz və eyni zamanda qonşu dövlət olaraq, İran Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanı dəstəkləyən ölkə olub".
Tədbirdə eyni zamanda səfir Möhsün Pak Ayinin müəllif olduğu "Heydər Əliyev və İranla daim dostluğuna əsaslanan baxış" adlı kitabın təqdimatı keçirilib. 112 səhifəlik kitabın redaktoru Xəzər Universitetin rektoru Hamlet İsaxanlıdır.
Kitabda səfir həm Heydər Əliyevə, həm Azərbaycan-İran dostluq münasibətlərinə maraq və hörmətini nümayiş etdirir. Əsər Heydər Əliyevin sözləri və onların şərhləri üzərində qurulub və müəllif öz istək və fikirlərini Heydər Əliyevə məxsus ifadələrlə əsaslandırmağa çalışıb.
Kitabda diplomat Azərbaycan və İran münasibətlərini müxtəlif bucaq altında işıqlandırıb və təhlil edib. Kütləvi informasiya vasitələri, millətçilik, İslami köklər, yardım, ticarət, neft və enerji, müştərək mədəni miraslar, musiqi, ədəbiyyat, Qarabağ problemi kimi məsələlərin İran – Azərbaycan dostluğu müstəvisində müzakirəyə çıxarıb.