İqtidar-müxalifət görüşü başlayıb
15 may 2015 10:24 (UTC +04:00)

İqtidar-müxalifət görüşü başlayıb

Bu gün Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirilir.

APA-nın məlumatına görə, görüşdə iqtidar tərəfdən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, müxalifət tərəfdən isə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP baş katibi Zöhrab Abdullayev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iştirak edir.

 

“Ötən müddət ərzində Prezident Administrasiyasına siyasi partiyalardan görüşdə müzakirə üçün bəzi təkliflər daxil olub. Lakin faktiki hamının marağını kəsb edəcək və aktual olacaq ciddi təklif almamışıq. Yeganə olaraq, “Azadlıq-2015” blokundan qarşıdan gələn parlament seçkiləri, seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı ümumiləşmiş ciddi təklif daxil olmuşdu. Lakin hakimiyyət bu gün bu təklifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil və hazırda hakimiyyət olaraq, siyasi partiyalarla seçki islahatları və qarşıdan gələn seçkiləri gündəmə çıxmağa lüzum görmürük. Ona görə də bu mövzudan vaz keçdik”.

 

APA-nın məlumatına görə, bunu bu gün bir qrup müxalifyönlü partiya sədrlərinin iştirakı ilə keçirilən növbəti iqtidar-müxalifət görüşündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu Oyunlara daxildə və xaricdə münasibətdir: "Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır”.

 

Ə. Həsənov görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: “Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar