Prezident İlham Əliyev Qazaxıstanın ölkəmizdəki səfiri Amangeldı Jumabayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Lent.z-ın məlumatına görə, səfir Amangeldı Jumabayev qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi müdrik daxili və xarici siyasət onda böyük təəssürat yaradıb. O, səfir kimi fəaliyyəti müddətində əməksevər və qonaqpərvər Azərbaycan xalqının ona daim səmimi münasibət bəslədiyini vurğulayaraq ölkəmizdəki diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini məmnunluqla qeyd edib. Dövlət başçısı Amangeldı Jumabayevin ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, inteqrasiya proseslərində və digər sahələrdə daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.