Prezident İlham Əliyev bu gün növbəti görüşünü keçirib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, İ.Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi qəbul edib.
Görüşdə Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez rəhbərlik etdiyi qurumun Konqresinin Azərbaycanda keçirilməsinin önəmini qeyd edərək bu tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağını bildirib.
Xose Perurena Lopez yaradılan şəraitin və bütün idman obyektlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb və ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən “Formula-1” yarışının çox yaxşı təşkilinin dünyada maraqla izlənildiyini dedi.
Prezident İlham Əliyev isə Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olduğunu qeyd edib. Dövlət başçısı bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımızın kanoe idman növündə ilk dəfə medallar qazandıqlarını məmnunluqla qeyd edərək bildirib ki, bu nailiyyət gələcəkdə idmanın bu növünə marağın artmasına gətirib çıxaracaq.
Görüşdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olunub.