Prezident İlham Əliyev mayın 21-də Belarusun baş nazirinin müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, baş nazirin müavini Vladimir Semaşko Belarus prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb. O, ölkəmizə səfərindən ötən qısa dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Vladimir Semaşko Azərbaycanın dünyada ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq proseslərinin maraqla izlənildiyini vurğulayıb.
Dövlət başçısı ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin qısa vaxt ərzində, cəmi iki ilə başa çatdırıldığını qeyd edərək bu Oyunların keçirilməsi üçün ən müasir idman obyektlərinin və infrastrukturun yaradıldığını bildirib.
Görüşdə XXI Azərbaycan Beynəlxalq qida sənayesi və IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərinin yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, bu tədbirə marağın ildən-ilə artdığı qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulayıb, kənd təsərrüfatı, sənaye, maşınqayırma və digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.