Heydər Əliyev Fondunun Azərbaycan-Rusiya mədəni əlaqələrinə töhfəsi
19 aprel 2016 12:50 (UTC +04:00)

Heydər Əliyev Fondunun Azərbaycan-Rusiya mədəni əlaqələrinə töhfəsi

 

Son illər Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə daxil olub. Bu əlaqələrin genişlənməsində Azərbaycanın tərəqqisi, mədəniyyətinin inkişafı və tarixinin tanıdılması istiqamətində misilsiz fəaliyyət göstərən Heydər Əliyev Fondunun rolu danılmazdır. Məhz yarandığı andan etibarən Fondun məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır. Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti bu baxımdan daha qabarıq hiss olunur. Nümayəndəliyin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyeva Azərbaycanın zəngin və qədim tarixinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının Rusiyada təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir. 2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan  "Bakı " jurnalı da Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

 

2009-cu il aprelin 18-də Moskva şəhərində Leyla Əliyevanın sədrliyi ilə Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR) təsis edilmişdir. Bu təşkilat qarşılıqlı etimada əsaslanan münasibətləri daha da möhkəmlətmək, dialoq üçün əlverişli platforma yaratmaqla iki ölkə arasında qarşılıqlı inteqrasiya proseslərini gücləndirmək istəyindən çıxış edir.  Moskvada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi”nin açılışı (4 fevral 2013), “Təhsilə dəstək” layihəsi çərçivəsində Rusiyada bir sıra məktəblərin yenidən qurulması və əsaslı təmir olunması, Həştərxanda “Dostluq” körpüsünün salınması, yeni bağça və məktəblərin istifadəyə verilməsi  və s. tədbirlər Fondun Rusiyada reallaşdırdığı çoxşaxəli fəaliyyətin bir hissəsi idi.  Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeninin təqdim edilməsi böyük miqyaslı işlərə verilən qiymətdir. Həmçinin Fondun vitse-prezidenti Leyla Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medallarına, habelə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülüb. 2015-ci il noyabrın 4-də Kreml sarayının Georgiyevski zalında Rusiya Prezidenti Vladimir Putin tərəfindən sülhün, dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi xidmətlərinə görə Leyla Əliyevaya “Puşkin” medalı təqdim olunub.

Hal-hazırda Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, 2009-cu ildən etibarən Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyət göstərir. 2015-ci ildən Bakıda İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin ilk xarici filialı öz qapılarını tələbələrin üzünə açıb. 2009-cu ildə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) açılışı olmuşdur. 2014-cü ildə Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı Azərbaycanda silsilə tədbirlər həyata keçirilib. Azərbaycan xalqının böyük rus mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə dərin hörmətinin rəmzi kimi, Bakının mərkəzində dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinə abidə ucaldılıb. Bakıda rus dilində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı fəaliyyət göstərir.  

Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti onun dünyada layiqincə tanınmasına imkan verir. Mədəniyyət əsas təbliğat vasitəsi, dövlətlərarası humanist əlaqələrin mənbəyidir. Bu baxımdan, Azərbaycan-Rusiya mədəni əlaqələri ölkələrimiz arasında hərtərəfli dostluğun möhkəmlənməsinə də öz töhfəsini verir.

Nailə Məmmədova

“Azerbaijan Realities” analitik qrupunun üzvü

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317
avatar

Oxşar yazılar