“Hәmsәdrlәr zorakılıq hallarının artması ilә əlaqədar olaraq Azәrbaycan vә Ermәnistanın rәsmi şәxslәri ilə təmasdadırlar". APA-nın mәlumatına görә, bu sözlәri ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik deyib. O qeyd edib ki, hәmsәdrlәr tәrәflәri hücum vә əks-hücumlara son qoymağa çağırır.
Qeyd edәk ki, ötәn gecә Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Kəmərli kəndinin atəşə tutulması nəticəsində mülki sakin Dursunova Esmira Aslan qızı yaralanıb. Göstərilən ilkin tibbi yardımdan sonra E. Dursunova Qazax rayon Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.