Gürcüstan prezidenti ən mühüm problemləri həll etmək üçün Vladimir Putinlə görüşə bilər
Bakı-APA. Hazırda Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünün baş tutması ilə bağlı hazırlıq işi aparılmır, lakin danışıqların məqsədi iki ölkə arasındakı ən mühüm problemlərin həlli olacağı təqdirdə görüş keçirilə bilər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan prezidentinin xarici əlaqələr üzrə müşaviri Tenqiz Pxaladze bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün bildirib ki, Rusiya və Gürcüstan diplomatları prezidentlər arasında görüşün mümkünlüyünü istisna etmir.
“Gürcüstan istənilən mühüm problemlərin dinc yolla həllinin tərəfdarıdır. Əgər təklif olarsa biz onu nəzərdən keçirməyə hazırıq”, deyə Pxaladze bildirib.
Bu arada Gürcüstan prezidenti mayın 9-da Moskvada İkinci Dünya Müharibəsində qələbəyə həsr olunmuş parada dəvət alıb. Lakin Gürcüstan XİN rəhbəri Tamara Beruçaşvili Marqvelaşvilinin bayram tədbirində iştirak etməyəcəyini bildirib.