“Bu, Azərbaycan məhkəmə praktikasında analoqu olmayan bir qərardır. Bu qərarlar yalnız qadının analıq hüququndan məhrum edildiyi halda verilə bilər, yəni, ana narkoman, xroniki alkoqolizmə düçar olmuş qadın olduqda verilə bilər,” deyə sabiq deputat Gültəkin Hacıbəyli “Amerikanın Səsi”nə 9 yaşlı oğlu Toğrulun anasından alınaraq atası Mahmud Mehdiyevə verilməsi barədə məhkəmə qərarını şərh edərkən bildirib.
G. Hacıbəyli deyib ki, 2006-cı ildə atanın övladı ilə həftədə bir dəfə görüşünə icazə verilməsi barədə qərar olmasına baxmayaraq Mahmud Mehdiyev bu ilin mayınadək bir dəfə də olsun görüşlə bağlı müraciət etməyib.
Onun sözlərinə görə, M. Mehdiyev övladı ilə maraqlanmayıb və ona bugünədək bir manat belə vəsait ayırmayıb: “Ümumilikdə 4 görüş olub, görüşlərin hamısında uşaq qəti surətdə görüşdən imtina edib, ağır depressiyaya düşüb, stress yaşayıb. Birinci görüşdən sonra təcili tibbi yardıma müraciət etməli olduq. Sakitləşdirici iynə vurduqdan sonra uşaq özünə gəldi. Adam mətbuat konfransı keçirib deyir ki, uşağımı mənə vermirlər, amma görüşə gəlir və oğluna “Cəhənnəm ol!”, “Sən mənə çox da lazımsan?”, “Heç ölmürəm səndən ötəri” kimi ifadələrlə müraciət edir, uşağı təhqir edir”.
Oğlu üçün görüşlər işgəncəyə çevridiyini deyən Gültəkin Hacıbəyli bildirib ki, belə bir anda Nəsimi rayon Məhkəməsi Mahmud Mehdiyevin iddiası əsasında məhkəmə baxışı keçirib: “Vəkilimin təqdim etdiyi vəsatətlərin heç birini dəyərləndirilməyib. Hakim 9 ildə bir manat aliment ödəməyən tərəfi atalıq hüququndan məhrum etmək əvəzinə, 9 il övladına baxan ananın əlindən övladı alır və uşağı tanımadığı “atası”na verirlər. Qərarın qərəzli, sifarişli, vicdansız olması heç kimdə şübhə doğurmur”.
G. Hacıbəyli qərardan apellyasiya və kassasiya şikayəti verəcəklərini deyib. Onun sözlərinə görə, bu qərarın icrası praktik olaraq qeyri-mümkündür. O, 9 yaşlı oğlunun 10 yaşından sonra məhkəmədə öz firkini söyləmək hüququna malik olmasını əsas gətirib.