Mayın 25-26 tarixlərində Azərbaycan Respublikasının Astara və Biləsuvar gömrük idarələrində Azərbaycan Respublikası ilə İran İslam Respublikası gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib. Lent.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, hər iki görüş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub. Mayın 25-də Astara Gömrük İdarəsində keçirilən görüşdə İran İslam Respublikasını Astara məntəqəsi üzrə sərhəd komissarı İrac Zareinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov qonaqları salamlayaraq iki ölkə arasında tarixi-mədəni əlaqələrdən, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərdən söhbət açmışdır. İdarə rəisi Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyini bildirib.
İran nümayəndə heyətinin rəhbəri İrac Zarei Azərbaycan və İran arasında mövcud əlaqələrə toxunaraq azərbaycanlı həmkarları ilə görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığını diqqətə çatdırıb. Görüşdən sonra İran İslam Respublikasının nümayəndə heyəti azərbaycanlı həmkarlarının təcrübəsindən yaralanmaq məqsədilə Astara gömrük-keçid məntəqəsinin ərazisində gömrük rejimi zonasında iş prosesini yaxından izləyib, yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
Mayın 26-da Azərbaycan Respublikasının Biləsuvar Gömrük İdarəsində keçirilən görüşdə isə idarə rəisi İlqar Abdullayev Azərbaycan və İran arasında ənənəvi dostluq münasibətlərinin bugünkü səviyyəsindən söhbət açmış və vurğulayıb ki, hər iki ölkənin milli maraqlarına cavab verən qarşılıqlı əməkdaşlığın əhatə dairəsi genişlənməkdədir.
İran İslam Respublikası nümayəndə heyətinin rəhbəri, Aslandüz məntəqəsi üzrə sərhəd komissarı Səid Sabiri Azərbaycanla İran arasında qarşılıqlı dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edərək, öz növbəsində, iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qonaqlar “Qoşatəpə” gömrük-keçid məntəqəsinin ərazisində gömrükçülərin iş prosesi ilə yaxından tanış olmuş, əməkdaşların fəaliyyəti üçün yaradılan şəraiti yüksək qiymətləndirmiş, razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, hər iki görüşdə Azərbaycan-İran gömrük-sərhəd buraxılış məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər fiziki şəxslərin gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında əl yüklərinin buraxılması, eləcə də nəqliyyat vasitələrinin növbə yaranmadan maneəsiz hərəkətinin təmin edilməsi və bir sıra digər məsələləri ətraflı müzakirə ediblər.