Bu gün sosial şəbəkələrdə haqqin.az saytının rəhbəri Eynulla Fətullayevin adından təxribatçı çağırış səslənib.
Haqqın.az saytının yazdığına görə, sosial şəbəkədə E.Fətullayevin adından talış xalqının ünvanına təhqiramiz fikirlər yer alıb.
E.Fətullayev bununla əlaqədar rəhbəri olduğu sayt vasitəsilə milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubova müraciət edib: “23 saat əvvəl, martın 14-də gecə yarısı facebook istifadəçisi Sabir Shindaninin səhifəsində mənim adımdan təxribatçı mətn yayılıb. Həmin mətndə mən guya talış xalqına qarşı genosidə çağırmışam. Çox maraqlıdır ki, başlanan bu kampaniyada AXCP fəalları, o cümlədən bu partiyanın və Əli Kərimlinin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov çox fəal iştirak edir. Bu da sözügedən təxribatın sifarişinin bəzi daxili və xarici qüvvələr tərəfindən verildiyini sübuta yetirir.
Bu şəxslər mənə faktiki olaraq divan tutmağa çağırırlar. Sizdən bu təxribatla əlaqədar təcili tədbirlər görməyi, müvafiq araşdırma apararaq təhlükəsizliyimi təmin etməyinizi xahiş edirəm”.