Xocalı soyqırımının tanıtımı
Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifələrindən biridir. Bu faciə erməni terrorunun ən rüsvayçı addımıdır.
Təəssüf ki, beynəlxalq birlik terrorizm mövzusunda daha çox şəxsi mülahizələrə əsaslanır. Unutmaq olmaz ki, bu gün dünyada türklərə qarşı dəhşətli fəlakət və vəhşiliklər törədən erməni terrorizmini Qərb görməməzliyə vurur. Misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş, insanlığa sığmayan Xocalı soyqırımı və ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə detalları ilə çatdırılmalı, qəti, birmənalı mövqe formalaşması üçün ciddi və məqsədyönlü iş aparılmalıdır. Çünki soyqırıma siyasi münasibət bildirilməməsi yeni soyqırımların baş verə biləcəyi qənaətini və zəminini yaradır. Eyni zamanda soyqırım aktının obyektiv şəkildə tanınması dünyəvi birliyin, həmrəyliyin, humanizmin təsdiqi kimi zəruridir. Xocalı soyqırımı Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərkib hissəsi olmaqla bərabər, həm də erməni vandalizminin, vəhşətinin ən pik nöqtəsidir. Bu faciə hər şeydən əvvəl insanlığa, humanizmə qarşı törədilmiş mənfur bir aktdır.
XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırım kimi qəbul oluması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət artıq öz müsbət nəticələrini göstərməkdədir. Müasir dövrdə dünyanın bir sıra dövlətləri tərəfindən bu soyqırım aktı pislənilmişdir. Lakin bununla kifayətlənmək olmaz.
Bu gün çoxmilyonlu Azərbaycan millətinin qarşısında duran əsas vəzifələrdən biri məhz harada yaşamasından asılı olmayaraq ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinin nəzərinə çatdırmaq, bütün bunların əsl soyqırım aktı kimi tanınmasına nail olmaqdır. Bu, ən azından Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.
Nailə Məmmədova
Azerbaijan Realities
164