Ermənilər işğal altındakı çaylarımızın qarşısını kəsirlər
28 aprel 2014 21:13 (UTC +04:00)

Ermənilər işğal altındakı çaylarımızın qarşısını kəsirlər

Ermənilərin mənbəyini işğal altındakı Azərbaycan torpaqlarından götürən çayların qarşısını kəsməsi və ya onları başqa istiqamətlərə axıtması bu su hövzələrinin işğal olunmamış ərazilərdəki sahillərində yaşayan insanlar üçün ciddi təhlükə yaradır. Bir yandan təsərrüfat suyuna olan ehtiyac ödənilmir, digər tərəfdənsə işğalçılar axar su vasitəsi ilə kimyəvi tullantılar və zəhərli maddələrlə dinc əhalini təhdid edirlər. Hazırda Ermənistan ordusunun nəzarəti altında olan Azərbaycan torpaqlarından irili-xırdalı 15-ə yaxın çay axıb gəlir. Hamısının da suyu əkin sahələrinin suvarılmasında və əhalinin içməli suya tələbatının ödənilməsində  istifadə olunur. Bunlardan biri də, Tərtər çayıdır. Uzunluğu 200 km. olan Tərtərçay Kür çayının Azərbaycan daxilində ən çoxsulu qolu hesab edilir. Əkin-biçin üçün əhəmiyyətli dərəcədə yararlı olan bu çayın mənbəyinin düşmən əlində olması onun suyundan istifadəni mümkünsüz edir.

 

Tərtər sakini Mahir Səmədov APA TV-yə deyib ki, Sərsəng su anbarında yığılan su mənfur qonşularımızın məkrli siyasəti nəticəsində buraxılmır: "Su lazım olanda buraxmırlar, qışda buraxırlıar. İstədikləri vaxt bağlayıb açırlar. Yay vaxtı əkini, meyvələri suvara bilmirik. Məhsul batıb gedir".

 

Suyun vaxtlı vaxtında verilməməsi bir yana, bəzən də az miqdarda axıdılan su həddən artıq çirklənmiş olur: "Su həddindən artıq çirkli olur. Gah bulanıq, lil olur, gah da mina gəlir. Ona görə də qorxuludur. İstifadə etmək düzgün deyil. Ancaq ehtiyac istifadə edirik".

 

Ermənilər Tərtər çayının üzərindəki iki su anbarının suyunun qarşısını kəsməklə çaykənarı rayonlara həm iqtisadi cəhətdən zərər vurur, həm də gözlənilməz sel təhlükəsi yaradırlar: "Adətən yaz aylarında suyu kəsirlər. Yağmurlu aylar başlayanda, dağlarda qar əriyəndə isə onlar Madagis və Sərsəngdə ehtiyatı bağlayırlar. Əgər sel suları çox olarsa, sonrada Kür çayına axıtmaqla daşqın təhlükəsi yaratmaq üçün istifadə edirlər".

 

Yerli sakinlərin sözlərinə görə, ermənilər çay sularından həm də terror vasitəsi kimi də istifadə edirlər. Onlar dəfələrlə Tərtər çayına axıtdıqları kimyəvi maddələrlə işğal olunmamış ərazilərdə insanların sağlamlığına, mal-qarasına, əkin sahələrinə zərər vurmağa cəhd ediblər. İşğaldan əvvəl Tərtər çayı üzərindəki Sərsəng və Madagis su anbarlarının hesabına 7 rayon ərazisində 100 min hektardan çox əkin sahəsi  suvarılıb. Hazırda həmin ərazilərin suvarılması üçün dövlət tərəfindən külli miqdarda vəsait ayrılmaqla artezian quyuları vurulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1133
avatar

Oxşar yazılar