Mehriban qonşuluq münasibətləri
05 mart 2015 10:10 (UTC +04:00)

Mehriban qonşuluq münasibətləri

Xarici siyasətində balanslı mövqeyi ilə seçilən respublikamız qonşu dövlətlərdən biri olan İranla münasibətlərə hər zaman əhəmiyyət vermişdir. Tarixən siyasi, iqtisadi, mədəni və digər sahələrdə dərin köklərə söykənən bu münasibətlər müasir dövrdə də uğurla davam etdirilir. 
Ölkələr arasında münasibətləri inkişafa yönəldən əsas amillərdən biri ikitərəfli rəsmi və işgüzar səfərlərdir. Artıq müstəqilliyin bərpasından bəri Azərbaycanla İran arasında rəsmi səfərlərin davamlı xarakter alması iki ölkə arasında dostluq münasibətlərinin inkişafına təkan vermişdir. Xüsusən 2014-cü ilin noyabrında Azərbaycana rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə keçirilmiş görüşlər və Azərbaycan-İran biznes forumu müasir dövrdə qarşılıqlı münasibətlərdə yeni istiqamətlər meydana gətirmişdir. İran Prezidenti ilə görüşdə Prezident İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizinin nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmli olduğunu vurğulamışdır:  “Ümumiyyətlə, demək istəyirəm ki, bizim siyasi, iqtisadi əlaqələrimiz, konkret layihələrin icrası, eyni zamanda, bölgədə sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək və göstərir. Əfsuslar olsun ki, bizim regionda vəziyyət kifayət qədər gərgindir. Qanlı toqquşmalar, müharibələr baş verir, sabitlik pozulur. İran-Azərbaycan dostluğu, tərəfdaşlığı burada bir sabitləşdirici amildir. Biz sabitləşdirici addımlarla bölgədə sülhü qoruyuruq, müdafiə edirik. Əminəm ki, bizim birgə səylərimiz nəticəsində gələcəkdə bölgədə sabitlik bərpa ediləcək.”
Səfər çərçivəsində 4 mühüm memorandum imzalanmış və Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilmişdir. Forumda çıxış edən İran Prezidenti bildirmişdir: “Azərbaycan haqqında mənim hisslərim ondan ibarətdir ki, bu dövlət əlaqələrin genişlənməsində qərarlıdır. İran İslam Respublikasının da əlaqələrin, o cümlədən iqtisadi, mədəni, siyasi əlaqələrin genişlənməsi, regional və beynəlxalq təhlükəsizlik məsələlərində əməkdaşlıq üçün ciddi iradəsi vardır. Biz də Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıyıq.”
Qeyd edək ki, Forumda Azərbaycanın biznes və investisiya imkanlarına, Sumqayıt Kimya Sənaye Parkı və burada rezidentlər üçün nəzərdə tutulan güzəştlərə, İranın biznes mühiti və hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair məlumat verilib.
Beləliklə, dərin tarixi əlaqələrə söykənərək müasir dövrdə inkişaf etdirilən Azərbaycan-İran münasibətləri bu gün uğurla irəliyə doğru getməkdədir. Bütün sahələrdə münasibətlər qarşılıqlı maraqlar əsasında qurulmuşdur və müxtəlif sahələrdə hər iki dövlət əməkdaşlıq üçün hazırdır. Mövcud şəraitdə baş verən proseslər onu göstərir ki, gələcəkdə də bu əlaqələr davam etdiriləcək.
Ləman Xəlilova
Azerbaijan Realities
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar