Hikmət Hacıyev: “Erməni tərəfi bu cılız addımlarla təsəlli tapmağa çalışır”
Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin rəsmi internet səhifəsi (http://www.aida.az/) 19 fevral 2015-ci il tarixində kiber hücuma məruz qalıb. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, saytın ön səhifəsində yerləşdirilmiş məlumatda bu kiber hücumun erməni terror təşkilatı ASALA-nın rəhbərlərindən biri olmuş terrorçu “Monte Melkonyan kiber qrupu” tərəfindən törədildiyi qeyd olunub. İnternet səhifəsinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib.
H. Hacıyevin sözlərinə görə, siyasi-iqtisadi və demoqrafik böhran şəraitində olan və cəbhədə törətdiyi təxribat əməlləri nəticəsində ardıcıl uğursuzluqla üzləşən Ermənistan bu cılız addımlarla özünə təsəlli tapmağa çalışır: “ASALA kimi terror təşkilatları vasitəsilə beynəlxalq terrorizmə dəstək verən Ermənistandan fərqli olaraq, AİDA dünyanın bir çox regionlarında humanitar nəcib missiya icra edir, ehtiyacı olan insanların həyata şəraitini yaxşılaşdırır və davamlı inkişafa, o cümlədən BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin qlobal səviyyədə həyata keçirilməsinə töhfə verir”.