Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Portuqaliyanın xarici işlər naziri Rui Maçete ilə görüşüb.
Lent.az-ın XİN-in saytına istinadən məlumatına görə, görüşdə portuqaliyalı nazir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edərək, xüsusilə turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb.
Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyi və eləcə də potensial sərmayə imkanları haqqında məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinin qısa müddət ərzində həyata keçirilməsi üzrə təcrübəsinin BMT-nin müvafiq strukturları tərəfindən nümunəvi hal kimi təqdir olunduğunu, dünyada özünü biruzə verən iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə qeyri-neft sektorunun dinamik şəkildə inkişaf etdiyini və bu il yüksək iqtisadi artım tempinin qeydə alındığını vurğulayıb.
Avropa Parlamentində Azərbaycan ilə əlaqədar qəbul edilmiş qətnamənin qəbuledilməz və qərəzli olduğunu deyən nazir bu qurumda təmsil olunan bəzi qüvvələrin məqsədyönlü şəkildə anti-Azərbaycan və İslamafobiya meylli siyasət yürütdüklərini də söyləyib.
Portuqaliyalı nazir miqrantların qəbulunun, xüsusilə onların cəmiyyətə inteqrasiya edilməsi, təhsil və səhiyyə kimi əsas ehtiyaclarının təminatının problemli məsələ olduğunu nəzərə çatdırıb.
Görüş zamanı Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barasində danışaraq, Ermənistanın təcavüz və işğala əsaslanan qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllində irəliləyişin olmadığını nəzərə çatdırıb. Ermənistanın təcavüzkar və ilhaqçı siyasətinin bütün regionu yeni fəlakətlər astansında qoyduğunu qeyd edən nazir münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalı olduğunu da qeyd edib.