Elmar Məmmədyarov portuqaliyalı həmkarı ilə görüşdü
16 noyabr 2016 20:08 (UTC +04:00)

Elmar Məmmədyarov portuqaliyalı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Auqusto Santos Silva ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçiriblər. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsi, eləcə də xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin aparılmasının zəruriliyini vurğulayıblar. Portuqaliyanın xarici işlər naziri Auqusto Santos Silva bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğulayıb. O, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib. Elmar Məmmədyarov əlavə edib ki, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir. Nazir Ermənistanın müxtəlif təxribatlara əl ataraq danışıqlar prosesini pozmaq və işğala əsaslanan mövcud status-kvonu saxlamaq siyasəti yürütdüyünü diqqətə çatdırıb. Nazir Portuqaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin və beynəlxalq hüququn norma və prinsiplərinə və Helsinki Yekun Aktına uyğun olaraq, münaqişənin həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini deyib.

 

Auqusto Santos Silva ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini ifadə edərək, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırıb. Nazirlər Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir ediblər və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminlik ifadə ediblər. Nazir Auqusto Santos Silva Portuqaliyanın Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafını dəstəklədiyini bildirib.

 

Görüşdə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin artırılması üçün potensialın olduğunu bildirilib və qeyri-neft sektoru, o cümlədən, turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün zəruri addımların atılmasının vacibliyi qeyd olunub.  Nazirlər hər iki ölkədə fəaliyyət göstərən özəl şirkətlərin və iş adamlarının qarşılıqlı əməkdaşlığının daha da inkişaf etdirilməsi məqsədilə biznes forumların keçirilməsinin əhəmiyyətindən danışıblar.

 

Görüş çərçivəsində nazirlər “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”i imzaladılar. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında portuqaliyalı nazir bir daha ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu mövqeyinin davam etdiriləcəyini diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar