Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə Cocuq Mərcanlı kəndinə gedib.
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ə. Həsənov əvvəlcə Ermənistanın işğalçı ordusu tərəfindən 1993-cü ildə işğal olunmuş, lakin sonradan Heydər Əliyevin göstərişi ilə həyata keçirilmiş uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad olunan Cocuq Mərcanlı kəndindəki vəziyyətlə tanış olub. Sonra Komitə sədri 23 il Cocuq Mərcanlı kəndində yaşayan 7 nəfər ailə üzvündən ibarət Həziyev Oktay Əbil oğlunun ailəsinə baş çəkib.
Ailə üzvləri ilə aparılan söhbət zamanı Oktay Həziyev bildirib ki, kənd işğal olunandan sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşıblar. Həmin yerlərdə isə bəzi insanların biganə münasibəti ilə rastlaşıblar. Ancaq uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş öz doğma kəndlərinə qayıdıblar. Öz doğma vətənindən uzaqda yaşamağın nə qədər çətin olduğunu deyən Oktay Həziyev doğma kəndi işğaldan azad olunandan sonra yenidən öz vətənində yaşamağın həm də mənlik və qürur hissi olduğunu bildirib.
Oktay Həziyev bildirib ki, Lələ təpə yüksəkliyi işğaldan azad olunandan sonra kəndin təhlükəsizliyi daha da güclənib: "Prezidentimizin Lələ Təpə yüksəkliyinə gəlməsi, ərazilərimizin müdafiəsində duran əsgərlərimizlə görüşməsi bizi qürurlandırdı və bizdə böyük ruh yüksəkliyi yaratdı".
Baş nazirin müavini qeyd edib ki, Horadiz əməliyyatı kimi Aprel əməliyyatı da Azərbaycan tarixinin şanlı səhifələridir: "Prezident İlham Əliyev Lələ təpə yüksəkliyindən bütün dünyaya, Ermənistana və onun işğalçı prezidentinə öz mesajını verdi. Bu gün bizim çox güclü ordumuz var. İstənilən vaxt bizim qüdrətli ordumuz işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Aprel döyüşləri bunu bir daha sübut etdi. Ancaq Ali Baş Komandan İlham Əliyev bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O istəmir ki, yenidən qan tökülsün. Ancaq Ermənistan tərəfi düz yola gəlməsə, müharibə yolu ilə olsa da, biz torpaqlarımızı mütləq azad edəcəyik. Bu bizim haqqımızdır".
Əli Həsənov xüsusilə vurğulayıb ki, hazırda Bakı şəhərində acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərə rayonlarda olan qəsəbələrdə imkan olduqca hər cür şəraiti olan evlər təklif edilir: "Hesab edirəm ki, məcburi köçkünlərimiz bunu başa düşməlidirlər və Bakıda ağır şəraitdə yaşamaqdansa, gəlib öz doğma yerlərində yaşamağa üstünlük verəcəklər. Bu gün məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdırılması üçün yeni qəsəbələr salınır. Ancaq torpaqlar işğaldan azad olunandan sonra bu qəsəbələr həmin yerlərdə yaradılacaq, orada bütün infrastruktur yenidən qurulacaq".
Oktay Həziyev bütün məcburi köçkünlərə, o cümlədən Cocuq Mərcanlı kəndinin sakinlərinə müraciət edərək onların da qayıdaraq öz kəndlərində yaşamalarına çağırış edib.