"Azərbaycan Respublikasının bugünkü gənclər siyasətinin, habelə daxili milli, sosial, informasiya siyasətinin təməlində insan amili - Azərbaycan vətəndaşı dayanıb".
APA-nın məlumatına görə, bu fikirləri "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O bildirib ki, Heydər Əliyevin dərin zəkası, konseptual yanaşması və əsasını qoyduğu azərbaycançılıq ideologiyası bu siyasətin fundamentində dayanan başlıca amillərdir: "1993-2003-cü illər ərzində formalaşan, həyata keçirilən bu siyasətin xüsusi qanadını gənclər siyasəti təşkil edir. Bu gün də Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsi məhz Azərbaycan insanı, onun zənginləşməsi, həyatının firavanlaşması, getdikcə dünyada mövcud olan texniki, sosial, mədəni, mənəvi və digər yeniliklərlə dolğunlaşması və Azərbaycan dövlətinin daxili həyatında bir tamlıq yaradılmasından ibarətdir. "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının fəaliyyətinin məqsədi informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan gənclərin istifadəsinin asanlaşdırılması, onların bu sahədə olan biliklərə yiyələnməsi, həmçinin gənclər siyasətinin özünün dolğulaşdırılması, gənclərin ideyalarının, təşəbbüslərin sosial bloqlara çıxarılaraq bölüşdürülməsi və ən həyatilərinin dövlət siyasətinə tətbiq olunmasıdır. Bununla yanaşı sosial məsələ - gənclərin biliklərinin, vərdişlərinin tətbiq olunması və dövlətimizin, millətimizin inkişafına yönəldilməsidir".
Ə. Həsənov qeyd edib ki, hər bir fəaliyyətin sonu onun ictimai dəyəri və əhəmiyyəti ilə ölçülür: "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının layihəsi də Azərbaycan gəncliyinin dolğunlaşmasına xidmət edir. O, dövlətdə gənclərin həyatı dolğun, firavan, rahat olur ki, orada gənclərin böyük əksəriyyəti təhsilli, mədəniyyətli, tolerant olur, ətraf aləmdə mövcud olan mütərəqqi yenilikləri qavrayıb öz ölkəsində tətbiq etməyə çalışır. Əlbəttə, bizim hər zaman gənclərdən umduğumuz bir cəhət də dövlətçiliyə sədaqət, vətənpərvərlikdir. Sizin hər biriniz bir ailənin övladısınız, bir nəslin nümayəndəsisiniz. Lakin eyni zamanda sizin hər biriniz Azərbaycan dövlətinin vətəndaşısınız, azərbaycanlısınız. Bu da hər birinizin üzərinə əlavə məsuliyyət qoyur. Bu məsuliyyət nədir? Dövlətin, xalqın mövcud varidatına sahib çıxmaq, onu inkişaf etdirmək, daxili və xarici təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorumaq üçün öz çiyinlərini bəlli sütunların altına vermək, son nəticədə dövlətimizə, millətimizə sahib çıxmaq. Biz də bu halda öz gələcəyimizə tam əmin ola biləcəyik. Çünki siz gənclər dünyada rəqabətə davamlılıqla bərabər, milli təəssübün daşıyıcıları olacaqsınız".