Əli Həsənov: “Ermənilər nə qədər tez başa düşsələr, özlərinə xeyirdir”
25 noyabr 2016 16:52 (UTC +04:00)

Əli Həsənov: “Ermənilər nə qədər tez başa düşsələr, özlərinə xeyirdir”

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 25-də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

 

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən  məlumata görə, Əli Həsənov bu təyinatın Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərinin inkişafında mühüm önəm daşıyacağına əminliyini bildirib və bu əlaqələrin çox uğurla inkişaf etdiyini, ölkələr arasında əməkdaşlığın çox fəal mərhələdə olduğunu ifadə edib.

 
Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, hər iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.


Baş nazirin müavini Əli Həsənov vaxtilə Naxçıvanda yaşayan yerli sakinlərin təhlükəsizliyinin, sosial təminatının təmin olunmasında Türkiyənin çox böyük dəstəyinin olduğunu deyib: “Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman Azərbaycanın yanında olub, ölkəmizin haqq işini beynəlxalq aləmdə dəstəkləyib. Təəssüf ki, bu gün dünyada ədalətsizlik hökm sürür. Belə bir vəziyyətdə müsəlman ölkələrinin həmrəyliyinə və əməkdaşlığına ciddi ehtiyac var. Regionda İran və Türkiyə kimi böyük müsəlman dövlətləri var, Azərbaycan da son 20 ildə beynəlxalq aləmdə layiqli yerini tutub. Hesab edirəm ki, İran, Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclənsə, bu, həm region, həm də ölkələrimiz üçün faydalı olar. Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək. Bəzi dünya dövlətləri əlaqələrimizə qısqanclıqla yanaşırlar, daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil.Bu ölkələr və xalqlar buna yol verməməlidirlər”.

 

Ə. Həsənov bildirib ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır, şəffaflığın təmin edilməsində, insan hüquqlarının qorunmasında mühüm nailiyyətlər əldə olunub: “ Bu gün bizə demokratiyadan, korrupsiyadan, insan hüquqlarının qorunmasından dərs keçmək istəyən ölkələrə baxın. Avropada görün qaçqınlara nə zülmlər edirlər və insanları necə alçaldıb təhqir edirlər. 1992-ci ildə erməni diasporası tərəfindən Amerikada olan ermənipərəst konqresmenlərə on milyonlarla vəsait verdilər və nəticədə ABŞ Konqresinin “Azadlığı Müdafiə Aktına” 907-ci əlavənin həyata keçirilməsinə nail oldular”.


Ə. Həsənov diqqətə çatdırıb ki, Ermənistanın dörd yerdən idarə olunması və himayədarlıq edilməsinə baxmayaraq aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu istənilən vaxt Ali Baş Komandanın əmri ilə torpaqları azad edə bilər: "Bunu ermənilər nə qədər tez başa düşsələr özlərinə xeyirdir". 

 

Yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir Erkan Özoral öz növbəsində Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlərin olduğunu vurğulayaraq bu münasibətlərin strateji əməkdaşlıq xarakteri daşıdığını və qardaşlıq əlaqələrinə əsaslandığını deyib. O, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı Prezident İlham Əliyev tərəfindən göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Türkiyəli diplomat Azərbaycan ilə qardaşlıq əlaqələrinin hər zaman daha yüksək səviyyəyə qaldırılması üçün çalışacağını qeyd edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar