Dövlət Komitəsinin sədri: “Azərbaycan yeganə ölkədir ki…”
19 dekabr 2012 11:47 (UTC +04:00)

Dövlət Komitəsinin sədri: “Azərbaycan yeganə ölkədir ki…”

“Tarix boyu din və dövlət münasibətləri mürəkkəb olub, dövlət və din arasında bəzən yaxın müttəfiq, bəzən fərqli münasibətlər olub, hələ də ideal model axtarışı davam edir”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə keçirilən “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov söyləyib.

 

Elşad İsgəndərov deyib ki, dövlət və din münasibətlərinin optimal modelini axtarıb tapmaq lazımdır: “Din və dövlətin sərhədləri haradadır? Bu, iki günlük Forumumuzun əsas müzakirə mövzusu olacaq. Azərbaycan belə bir Forumun keçirilməsi üçün ideal məkandır. Azərbaycan uzun əsrlərdir ki, tolerantlığı ilə seçilib. Azərbaycan dünyaya Nizami, Füzuli və Bakuvi kimi şəxsiyyətlər bəxş edən bir ölkə və xalqdır. Azərbaycan islama sədaqətini həmişə nümayiş etdirib. Sovet dövründə də xalqımız dəyərlərini qoruyaraq saxlayıb. Əsrlər boyu öz mili-mənəvi dəyərlərini qoruya Azərbaycan xalqı digər xalqların dəyərlərinə də hörmətlə yanaşıb”.

 

O deyib ki, bu gün müxtəlif dinlər, təriqətlər arasında ixtilaflar müşahidə olunur: “Amma Azərbaycanda bu münasibətlər qarşılıqlı hörmət əsasında qurulub. Azərbaycan yeganə ölkədir ki, əsas titul millət digər mədəniyyətlərin inkişafına da yardım edir. Tarixi faktdır ki, azərbaycanlılar torpaq alıb, yəhudi sinaqoqlarının tikilməsinə yardım ediblər. 16-cı əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi Səfəvilər atəşkəslər üçün məbəd tikintisinə şərait yaradıb. Bu, bizim tarixi ənənəmizdir”.

 

Elşad İsgəndərov qeyd edib ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində bütün millətlərin, dini qrupların, o cümlədən ermənilərin təmsilçiləri olub: “Həmin vaxt da torpaqlarımızın bir qismi ermənilərin işğalı altında olub. Ancaq buna baxmayaraq, parlamentdə ermənilərin təmsilçiliyinə şərait yaradılıb. Azərbaycan yenə müstəqillik qazanandan sonra ulu öndər Heydər Əliyev tolerantlıq siyasətini davam etdirib. Azərbaycanda sovet dövründə dağıdılmış məscidlər Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilib. Bibiheybət məscidi də bunlardan biridir. Prezident İlham Əliyev də din sahəsinə qayğı göstərir. Milli-mənəvi dəyərlər möhkəmləndirilir, tolerantlıq ənənələri inkişaf etdirilir. Bu, lokal çərçivədədir. Belə bir modelin qlobal aləm üçün böyük əhəmiyyəti var. Bəzən bizə irad tutan insanlara, ölkələrə baxsaq, din məsələsinə münasibət necədir. 11 sentyabr, Avropadakı bəzi hadisələrdən sonra gördük ki, vətəndaşlıq azadlıqlarının azaldılmasından danışmağa başladılar”.

 

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycandakı tolerantlıq mühiti Ermənistanın işğalçılıq siyasəti qarşısında da dözüb: “1 milyon insanımız qaçqın və köçkün vəziyyətində yaşayır. Bu aqressiya başqa bir millətin, dinin nümayəndələri tərəfindən həyata keçirilib. Ancaq biz bu məsələni heç vaxt dini müstəviyə keçirməmişik. İşğalı həyata keçirən millətin dini abidələri də Azərbaycanda qorunur. Bugünkü Forumdakı müzakirələrin praktiki əhəmiyyətə malik olmasına çalışmalıyıq. Bu ün dünyanın bir çox dövlətlərində iqtisadi tənəzzülü dini müstəvidə problemə çevirməyə çalışırlar. İstəyirik ki, Forum nəticəsində bir şəbəkə yaransın və dünyanın hansı yerində dini dözümsüzlük olarsa, buna münasibət bildirilsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981
avatar

Oxşar yazılar