Daşqın Şikarov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb
17 dekabr 2012 18:52 (UTC +04:00)

Daşqın Şikarov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

0

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəysal Kərim Kundi ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Daşqın Şikarov Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi və humanitar aspektlərindən söz açıb, rəsmi İslamabadın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə verdiyi dəstəyə və Ermənistanı işğalçı ölkə kimi tanıdığına görə minnətdarlığını bildirib.

 

Daşqın Şikarov 1 fevral 2012-ci il tarixində Pakistan Senatı tərəfindən Xocalı soyqırımının tanınmasını və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair qətnamənin qəbul edilməsini Pakistanın beynəlxalq hüquq prinsiplərinə sadiqliyi və Azərbaycana olan qardaşlıq münasibəti kimi qiymətləndirib. Fəysal  Kərim  Kundi xalqlarımız arasındakı tarixi, mədəni və dini oxşarlıqları  qeyd edərək, bu bənzərliklərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini və ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycanı tam dəstəklədiyini diqqətə çatdırıb. Fəysal Kundi Azərbaycan torpaqları işğaldan azad olunmayana kimi Ermənistanla hər hansı bir münasibətin qurulmayacağını, ümumiyyətlə Ermənistanın Pakistan tərəfindən dövlət kimi tanınması məsələsinin yalnız və yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra mümkün ola biləcəyini bəyan edib. 

 

Fəysal Kundi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrin ölkəsinin bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib. Görüşdə iki ölə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirməsi üçün geniş potensialın olduğu qeyd edilib, energetika, yüngül sənaye, əczaçılıq, kənd təsərrüfatı, informasiya texnologiyaları və müdafiə sənayesi sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 808

Oxşar yazılar