Fevralın 24-də “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gürcüstanın Bolnisi şəhərində Xocalı qətliamının 23 ildönümü ilə bağlı anım tədbiri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin dəstəyi və Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkili ilə keçirilib. Tədbirdə Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə Bolnisidə çıxan "Ümid" qəzetinin redaktoru Əlxan Yəhyaoğlu Xocalı hadisələri haqqında iştirakçıları məlumatlandırıb. Tədbirdə çıxış edən AMM gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniya haqqında məlumat verib. O qeyd edib ki, məhz bu kampaniyanın uğurlu fəaliyyəti sayəsində Xocalı və Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılır və bir neçə ölkə artıq Xocalı soyqırımını tanıyıb.
Tədbirdə çıxış edən Bolnisi şəhər mədəniyyət şöbəsinin rəhbəri Koba Zigenti Xocalı qətliamının insanlığa qarşı törədilən faciə olduğunu vurğulayıb: “Gürcü xalqı azərbaycanlıların başına gətirilən bu soyqırımı təəssüf hissi ilə anır. Biz də azərbaycanlılar kimi, ərazi bütövlüyümüzün bir hissəsini itirmiş xalqıq, minlərlə məcburi köçkün öz yurdlarından uzaq düşüb. İnanırıq ki, dünya ictimaiyyəti bu hadisələrə hüquqi qiymət verəcək”, deyə K. Ziqenti bildirib.
Tədbirdə azərbaycanlı və gürcü ziyalıları çıxış edərək Xocalıya ədalətin bərqərar olacağına əminlik bildiriblər. Tədbirdə iştirak edən çoxsaylı gürcü gəncləri Xocalıya ədalət imzatoplama aksiyasına qoşularaq azərbaycanlı gənclərlə həmfikir olduqlarını qeyd edərək, dünyada sülhün tərəfdarları olduqlarını bildiriblər.
Qeyd edək ki, Gürcüstanda Xocalı ayı çərçivəsində keçirilən Xocalıya ədalət kampaniyası Gürcüstanın 9 regionunda tədbirlər, aksiyalar və elmi konfranslarla davam edir.