Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton ilə İcmanın idarə heyətinin görüşü keçirilib. Lent.az-ın məlumatına görə, görüşdə icmanın sədri Bayram Səfərov, İcmanın idarə heyətinin üzvləri - Milli Məclisin üzvü Elman Məmmədov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, İcmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov, İcmanın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ayaz Salmanov və İcmadaxili məsələlər üzrə şöbə müdiri Nadir Bayramov iştirak edib.
Görüşdə B. Səfərov bildirib ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam edir. O qeyd edib ki, münaqişə yaxın zamanda beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır: "Biz bu istiqamətdə beynəlxalq qurumlardan qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır və biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik”.
Millət vəkili Elman Məmmədov Böyük Britaniyanın bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərmək istəməsini müsbət hal kimi qiymətləndirib : “Münaqişənin həlli üçün, Böyük Britaniyanın dəstəyi və səyi nəticəsində İcmalararası dialoqların təşkil olunması, bu istiqamətdə mövcud proqram və layihələrdə tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir”.
Deyvid Lidinqton da öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin Böyük Britaniya və eləcə də bütün Avropa üçün çox vacib məsələ olduğunu deyib: “Böyük Britaniya münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir”.
Görüşdə həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sidqi də iştirak edib.