Bərdədəki axund: “Bir qəbirdə 8 əsgər dəfn etmişdim”
12 aprel 2015 19:26 (UTC +04:00)

Bərdədəki axund: “Bir qəbirdə 8 əsgər dəfn etmişdim”

Qeyd: Bu yazını BBC Azərbaycan üçün jurnalist Seymur Kazımov hazırlayıb.

 

“3-cü sıra, 14-cü qəbir. Burnunun sağ tərəfində ətdən xalı var.” “2-cı sira 24-cü qəbir, Ağdamın işğalı günü şəhid olub”.

Bərdədəki Cümə məscidinin axundu Hacı Ramazan Hüseynovun iş stolunun üstündə, arxasında buna bənzər qeydlər aparılmış onlarla şəkil var.

Bu fotolardakılar müxtəlif vaxtlarda şəhid olmuş hərbçilərdir. Şəkillərin hamısı onlar öldürüldükdən sonra çəkilib.

 

Axund izah edir ki, Qarabağ müharibəsinin ilk illərində – 1992-ci ilin fevralında Qafqaz Müsəlmanları İdarəsi onu təyinatla Bərdəyə göndərir. Bundan sonra o həm axund, həm də vətəndaş kimi arxa cəbhədə xidmətə başlayır.

 

“Müharibədə bu məscid Ağdam, Goranboy, Tərtərdən ümumilikdə 4800 şəhid qəbul edib. Onların hər birinin qeydiyyatını da aparırdıq. Bura, məscid yox, sanki strateji hərbi qərargah idi. Ölüb-itənlər haqqında ən dəqiq məlumatlar da bizdə idi. O illərdə 130 nəfər naməlum şəhid cəsədləri də buraya gətirildi”.

 

Fotolardan başqa, naməlum şəhidləri şəxsi əşyalarına görə də tanıyırdılar.

 

 

1990-cı ilin əvvəllərində baş verən müharibə keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti və ona qonşu olan 7 rayonun Ermənistan Silahlı birləşmələrinin nəzarəti altına düşməsi ilə başa çatdı.

Hazırda rəsmi Yerevan bütün sazişlərdə özünü təyinetmə və Azərbaycandan ayrılma qərarından başqa hər şeyə yox deyir. Azərbaycan hökuməti isə suveren sayılan bu ərazilər üzərində nəzarəti əldə etməli olduğunu bildirir.

 

Şəkillər

 

ATƏT-in Minsk Qrupu mümkün olan həll yolları üçün illərlə danışıqlar aparsa da, ortada real nəticə yoxdur. Azərbaycan və Ermənistan tərəflərinin məsələyə baxışları bir birinə zidd olduğundan genişmiqyaslı müharibəyə son qoyan 1994-cü il atəşkəsindən bəri az və ya heç bir irəliləyiş əldə olunmayıb.

Axund Ramazan deyir ki, hər bir şəhidi İslam adətlərinə uyğun dəfn edirdilər. “Naməlum əsgərlərə də eyni münasibət bəslənirdi; həm də istəmirdik ki, onlar itib-batsınlar və qərara gəldik ki, bu cəsədlər yuyulandan sonra bədənlərinə baxış keçirək, əlamətləri qeydə alaq və dəfn zamanı da fotolarını çəkib bu əlamətləri fotoların arxasında yazaq”.

 “

Fotoların çəkilməsini birbaşa axundun özü həyata keçirir. Belə ki, məzara daxil olur, şəhidin üzünün fotosunu çəkir, sonra fotonun arxasında dəfn olduğu məzarın nömrəsi, sırası və əlamətləri yazırdı – “3-cü sıra, 11-ci qəbir, sağ barmağında Arzu, sol çiynində Ramiz yazılıb.”

 

Patronlar və şeir

 

Bəzən də elə olurdu ki, şəhid yalnız bir əlamətə görə tanınırdı.

“1994-cü ildə bir nəfər mənim yanıma gəldi və dedi ki, həmin fotoların arasında qardaşının şəklini görüb. Qardaşı hərbi xidmətdə olanda ürəyinin başına sevdiyi qızın adını “Səlimə” sözünü döydürmüşdü. Bu döyməni də əsgərin anası təsadüfən görmüş və qardaşına demişdi. Əks halda bu şəhid ömrünün sonunadək naməlum qalacaqdı.”

Fotolardan başqa, naməlum şəhidləri şəxsi əşyalarına görə də tanıyırdılar. “Birinin cibindən patronlar çıxırdı, başqasının cibindən isə Naxçıvana aid şeir.”

Söhbət əsnasında məlum oldu ki, elə şəhidlər olub ki, onların fotoları bir neçə cəhddən sonra çəkilib. Bu məqamda Hacı Ramazanın stolunun üstündə arxasında bu sözlər yazılmış fotonu gördük: “3-cü sıra, 20-ci qəbir. Əvvəl şəklini çəkdim, lenta yandı, şəkil düşmədi, iki gündən sonra qəbrini açıb yenidən çəkdim.”

Axund əlavə edir ki, bu fotoların hamısı illər öncə hazırda ətrafında oturduğumuz stolun üstünə səpələnmişdi. Şəhidlərin ailə üzvləri məscidə gəlib bu fotolarla və arxasındakı qeydlərlə tanış olduqdan sonra onları tanıyırdılar və bundan sonra qəbiri açıb həmin cəsədi çıxararaq yaxınlarına təhvil verilirdi.

“Bir qəbirdə 8 əsgər dəfn etmişdim. Bunlardan hansınınsa yaxınları tapıldıqdan sonra qəbiri açıb çıxarırdıq, onun yerinə başqa naməlum şəhidi dəfn edirdik. Eyni mənzərəni dəfələrlə görməkdən psixikamız da pozulmuşdu. Təsəvvür edin, vəziyyətimiz o qədər ağır idi ki…bir dəfə cəsədi yuyub kəfənləyəndən sonra fikir verdik ki, bu şəhidin başı yoxdur. Bir neçə dəqiqədən sonra cəsəd gətirilmiş maşına baxış keçirdikdən sonra oturacaqların arxasından qopmuş başı tapıb gətirdilər.”

Hacı Ramazan deyir ki, bu fotolar və əlamətlərə görə, əksər valideyn öz övladının cəsədini aparıb. Tapılan şəhid fotolarının arxasında həmin əlamətlərin aşağısında əsgərin adı, soyadı, hansı rayondan olduğu və kim tərəfindən, hansı nömrəli maşında aparıldığı yazılırdı.

Elə fotolar da var ki, arxasına yalnız “tapıldı” sözü yazılıb. Sonuncu belə tapıntı 1996-cı ildə baş tutub.

“Müharibənin insanlara, bəşəriyyətə vurduğu ən böyük zərbənin şahidi oldum. Hər gün yüzlərlə cəsəd görürdüm, onların arasında elələri var idi ki, yanıb kül olmuşdu, digərlərinin bədən üzvləri yox idi. Hər dəfə qəbirləri açıb fotoları yenidən lentə alanda, tapılan cəsədləri çıxaranda onlardan gələn iyi aradan illər keçsə də yenə də hiss edirəm,” Axund Hacı Ramazan Hüseynov yekunlaşdırır.

6 şəhid hələ də naməlum olaraq məzarlıqda uyuyur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar