Belçikada ermənilərin təxribatının qarşısı alınıb
19 noyabr 2016 11:02 (UTC +04:00)

Belçikada ermənilərin təxribatının qarşısı alınıb

 

Azərbaycan Belçikada Ermənisıtan təxribatının qarşısını alıb.

 

Lent.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə açıqlama yayıb. O bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə 16-19 noyabr 2016-cı il tarixində Brüsseldə keçirilməsi nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınması üçün ölkəmizin Belçika Krallığındakı Səfirliyi tərəfindən zəruri önləyici tədbirlər həyata keçirilib.

 

Səfirlik tərəfindən Belçikanın ərazisindən sui-istifadə edilərək Brüsselin qeyri-qanuni rejimin təbliği məqsədilə məntəqə kimi seçilməsi cəhdlərinə münasibətdə Azərbaycanın narazılığı və narahatlığı Belçikanın Xarici İşlər Nazirliyi, federal və regional qanunverici orqanları və digər müvafiq təsisatlarına çatdırılıb.

 

Avropa erməni federasiyası və digər erməni mənbələrinin bu tədbirlərlə əlaqədar qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə səfiri öncədən geniş şəkildə təbliğ olunsa da, görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu səfərin ləğv edilməsinə nail olunub.  

 

Nazirlik rəsmisinin sözlərinə görə, bu xüsusda, Ermənistan və erməni lobbisinin əl-altısı olan Avropa Parlamentinin deputatı Frank Engelin təşkilatçılığı ilə Avropa Parlamentində nəzərdə tutulan görüş də ləğv edilib. Həmçinin, B.Saakyanın iştirakı ilə “Dağlıq Qarabağın müstəqilliyinin 25 illiyi” adı altında 19 noyabr tarixində “Hay Daun” erməni mərkəzində keçirilməsi nəzərdə tutulan qəbul da tamamilə ləğv edilib.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tarixini və mədəniyyətini təhrif edən foto sərgi və konsert ilə əlaqədar Brüsseldəki “Palais des Beaux Arts” sarayı və “Tour&Taxi” mərkəzinə ünvanlanmış etirazlara cavab olaraq, həmin şirkətlərin rəhbərliyi rəsmi cavablarında Azərbaycan tərəfinin arqumentlərinə hörmətlə yanaşdıqlarını, bu tədbirlərin mahiyyətindən xəbərsiz olduqlarını, ictimaiyyətə açıq olmayan bu tədbirlərlə əlaqədar bilet satışı həyata keçirmədiklərini və yalnız kommersiya şərtləri əsasında ərazilərini kirayə verdiklərini bildiriblər. Əldə olunan məlumatlara görə bu tədbirlərdə əsasən Belçikada yaşayan ermənilər olmaqla, xüsusi dəvət əsasında yalnız 100-ə yaxın adam iştirak edib.

 

Öncədən geniş təbliğatın aparılmasına baxmayaraq, bu uğursuzluq və iflasın fonunda indi rəsmi Yerevan, lobbist təşkilat olan Avropa erməni federasiyası və Ermənistan KİV-i susqunluğa üstünlük verir.

 

Azərbaycan XİN bəyan edir ki, bu kimi mənasız və təxribatçı tədbirlərə əl ataraq beynəlxalq ictimaiyyəti və erməni xalqını aldatmaq əvəzinə, Ermənistan destruktiv siyasətinə son qoymalı, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı, substantiv danışıqlar vasitəsilə münaqişənin həllində və regionda davamlı sülhün bərqərar olmasında iştirak etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar